Accessibility links

Blinkenin Avropaya səfəri - ABŞ translantik əlaqələri bərpa etməyə çalışır


Blinkenin Avropaya səfəri - ABŞ translantik əlaqələri bərpa etməyə çalışır
please wait

No media source currently available

0:00 0:03:48 0:00

ABŞ dövlət katibi Entoni Blinken Avropaya səfəri zamanı Bayden administrasiyasının translantik münasibətlərin möhkəmləndirilməsinə dair öhdəliyinə sadiqliyini bir daha vurğulayıb. NATO-da iki günlük sammit çərçivəsində görüşlərdə Blinken COVİD-19 pandemiyası və Çin tərəfindən artan aqressiya kimi qlobal risklər qarşısında alyansların möhkəmləndirilməsinə çağırıb.

Translantik münasibətlərdə yeni fəsil. Dörd il əvvəl ABŞ-ın o zaman prezidenti Donald Tramp NATO-nu “köhnəlmiş” adlandırmışdı. Dövlət katibi Entoni Blinken müttəfiqlərə alyansda etibarı bərpa etmək istədiyini deyib.

“Bizim öhdəliyimiz sarsılmazdır. Amerika NATO-ya tam sadiqdir”, ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Blinken alyansın qarşılaşdığı hərbi təhlükələri qeyd edib.

“Pekinin hərbi ambisiyaları ildən ilə artır və müasir texnologiyaların gerçəklikləri ilə bir vaxtlar dünyanın o biri tərəfində uzaq görünən sınaqlar artıq uzaq deyil. Biz həmçinin bunu Rusiyanın ittifaqlarımızı sınağa çəkmək və kollektiv təhlükəsizliyimizi təmin edən qaydalara əsaslanan qaydaları pozmaq üçün inkişaf etdirdiyi yeni hərbi qabiliyyətlər və strategiyalarda da görürük.”

NATO-nun Baş katibi ABŞ-ın öhdəliyini alqışlayıb və ittifaqın qarşılaşdığı təhlükələrlə bağlı xəbərdarlıq edib.

“Rusiyanın yeni və sabitliyi pozan nüvə silahlarını yerləşdirməyə davam etdiyini görürük. Daha çox silah növləri və Çin kimi daha çox ölkəni əhatə edən müqavilələrə ehtiyacımız var”, NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

Təhlilçi Simona Soarenin bildirdiyinə görə, Çinin güclənməsi NATO üçün nisbətən yeni bir çağırışdır.

“Söhbət NATO-nun Hind-Sakit Okean hövzəsinə hərəkət etməsindən getmir, daha çox məlumatlı olmaq və Çinin Avropada mövcudluğunun potensial mənfi nəticələrini həll etmək üçün daha hazır olmaqdan gedir. Əlbəttə ki, bu, potensial strateji texnologiyalar və ya mühüm infrastrukturu hədəf ala bilən birbaşa xarici investisiyalar barədə daha çox məlumatlandırma deməkdir”, o bildirib.

Dövlət katibi Blinken ABŞ-ın Avropa müttəfiqlərinin müdafiə xərclərinə dair hədəflərinə çatmasını gözləməyə davam etdiyini bildirib. O, NATO-nun dezinformasiya, kiber hücumlar, iqlim dəyişikliyi və koronavirus pandemiyası da daxil olmaqla meydana çıxan təhdidlərə qarşı gücləndirilməli olduğunu deyib.

Əfqanıstanda NATO-nun missiyası da müzakirələrin diqqət mərkəzində olub. ABŞ hərbi qüvvələri Taliban ilə imzalanan sülh müqaviləsinə uyğun olaraq, mayın 1-nə qədər ölkədən çıxarılmalıdır. Blinken vəziyyətin nəzərdən keçirildiyini bildirib.

Lakin NATO daxilində bəzi məsələlərlə bağlı gərginlik mövcuddur. Blinken Türkiyəni Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini almaqdan imtina etməyə çağırıb. Türkiyə müqavilənin yekunlaşdığını bildirib.

Blinken eyni zamanda, ABŞ-ın Rusiya qazını birbaşa Almaniyaya nəql edəcək Şimal Axını 2 boru kəmərinə açıq şəkildə etirazını bildirib.

Lakin Çinə qarşı sərt tonuna baxmayaraq, Avropa İttifaqı Pekinlə ticarət müqaviləsinin yekunlaşdırılması üzərində işləyir.

“Biz müttəfiqlərimizin Çinlə həmişə mükəmməl şəkildə bir-birinə uyğun olmayan mürəkkəb əlaqələrinin olduğunu bilirik. Lakin biz bu problemləri birlikdə həll etməliyik. Bu, müttəfiqlərimizlə Pekinin təzyiq göstərmək üçün istifadə etdiyi texnologiya və infrastruktur kimi sahələrdəki boşluqları aradan qaldırmaq üçün işləmək deməkdir”, Blinken bildirib.

Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri ilə görüşdə Blinken ittifaqın “ABŞ-ın ilk növbədə tərəfdaşı” olduğunu deyib. Onun bu sözləri hərarətlə qarşılanıb. Lakin təhlilçilər alyansın bir çox cəbhədə təhdidlərlə qarşılaşmasına görə transatlantik münasibətlərdə yeni sınağın hələ qarşıda olduğunu bildirir.

XS
SM
MD
LG