Accessibility links

Bloger vaxtından əvvəl həbsdən azad edilməsi üçün məhkəməyə müraciət edib


Mehman Hüseynov
Mehman Hüseynov

Həbsdəki bloger Mehman Hüseynov vaxtından əvvəl şərti azadlığa buraxılması barədə ərizə ilə məhkəməyə müraciət edib.

Vəkil Şəhla Hümbətova bildirib ki, müraciət blogerin cəzasının yarısını çəkməsi ilə əsaslandırılıb. Müraciət avqustun 10-da Qaradağ Rayon Məhkəməsinə təqdim edilib.

Vəkilin sözlərinə görə, məhkəmə bu tip müraciətlərə on gün ərzində baxır.

Mehman Hüseynov anası Firəngiz Hüseynovanın vəfat etməsi ilə əlaqədar ötən həftə qısa müddətə evə buraxılmışdı.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.

O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloger həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını bildirib.

Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloger barəsində aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Ancaq hakimiyyət rəsmiləri Azərbaycanda jurnalist və blogerlərin peşə fəaliyyəti ilə bağlı həbs edilmədiyini bildirir.

XS
SM
MD
LG