Accessibility links

Bloger Mehman Qələndərovun həbsdə ölümü geniş tənqidlərə yol açıb (Müxtəlif mövqelər)


Mehman Qələndərov

İntihar faktı

Mehman Qələndərovun intihar fakrı üzrə Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən APA agentliyinə məlumat veriblər.

Mehman Qələndərov
Mehman Qələndərov

​Məlumatda deyilir ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilməklə məhkəmə tibbi ekspertizası təyin olunub.

Bununla yanaşı mətbuat xidməti, fakt üzrə şübhəli şəxslərin və ya saxlananların olub-olmaması barədə məlumat verməyib.

Yerli hüquq müdafiəçiləri Mehman Qələndorovun aprelin 28-də 1 saylı Bakı İstintaq Təcridxanasında döşək ağı ilə özünü asaraq intihar etdiyini bildirib.

2017-ci il fevralın 7-də M.Qələndərovun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ittiham olunub.

Mehman Qələndərov
Mehman Qələndərov

Həbs günü M.Qələndərov Facebook səhifəsində yazmışdı: “Hamımız Qiyas (Heydər Əliyevin abidəsinə şüar yazan Qiyas İbrahimov nəzərdə tutulur. Bundan sonra 10 il azadlıqdan məhrum edilib) kimi olaq. Qul olma!”

Bir saatdan sonra polis əməkdaşları M.Qələndərovun kirayədə yaşadığı mənzilə gələrək onu tutublar.

Nəsimi Rayon Məhkəməsi M.Qələndərovu istintaq müddətində 3 ay həbs edib.

M.Qələndərov 1977-ci il mayın 23-də Bakıda anadan olub. Dövlət İdarəetmə Akademiyasını psixologiya ixtisası üzrə bitirib. Fəlsəfə, Sosiologiya, Politologiya Kollecində 10 ildən çox dərs deyib.

Bakı və Tbilisidə hökumət əleyhinə mitinqlərdə iştirak edib.

2016-cı il sentyabrın 26-da Tbilisidə Azərbaycan səfirliyinin qarşısında “Biz kral istəmirik!” şüarı ilə keçirilən aksiyanın təşkilatçılarından biri olub.

Sosial şəbəkələrdə hakimiyyəti tənqid edib, ölkə rəhbərliyinin karikaturalarını çəkərək Facebook səhifəsində dərc edib.

Aprelin 29-da Mehman Qələndərovun ölümü ilə bağlı xəbərləri Penitensiar Xidmət təkzib edib və onun sağlıq durumunun normal olduğunu bildirib.

Bununla yanaşı, Qələndərovun qohumları onun intihar etməsini təsdiq etsə də dəfnində geniş ictimaiyyətin iştirakına razılıq verməyib.

Blogerin qəbri

Aprelin 30-da hüquq müdafiəçisi Oqtay Gülalıyev Mehman Qələndərovun məzarını 1 saylı Bakı İstintaq Təcridxanasının yaxınlığındakı Zabrat qəbiristanlığında ziyarət edib. Məzarın fotolarını facebook səhifəsində yayıb. Blogeri valideynlərinin məzarının yanında dəfn edilib. Fotoda qəbirsanlığın fonunda görünən qırmızı kirəmidli binalar 1 saylı Bakı İstintaq Təcridxanasıdır.

Mehman Qələndərovun məzarı (Foto Oqtay Gülalıyevin facebook səhifəsindən götürülüb)
Mehman Qələndərovun məzarı (Foto Oqtay Gülalıyevin facebook səhifəsindən götürülüb)

“Mehman Qələndərovun həyatına Kürdəxanı İstintaq Təcridxanasında son qoyuldu, həmin təcridxananın yanında da gizlicə dəfn edildi. Onun ölümünə səbəb olub onu gizlicə dəfn edənlər elə bilməsinlər ki, onların bu cinayəti ört-basdır ediləcək. Qətiyyən yox!!!. Bu mübarizə bitmədi. Mehmanın ölümünə səbəb olanlar cavab verəcəklər. Biz onların ifşa olunub cəzalandırılması üçün əlimizdən gələni edəcəyik. Buna kimsənin şübhəsi olmasın! Allah Mehmana rəhmət eləsin”, hüquq müdafiəçisi Gülalıyev facebook səhifəsində yazıb.

Qələndərovun intihar hadisəsi sosial şəbəkələrdə geniş müzakirələrə və hökumətin tənqidinə yol açıb.

Əli Kəriml: Referendumsuz-filansız ölüm hökmünü bərpa ediblər?​

AXCP sədri Əli Kərimli facebook səhifəsində sual edir, - nə baş verir?

Əli Kərimli Elmar Hüseynovun məzarı önündə
Əli Kərimli Elmar Hüseynovun məzarı önündə

“Yoxsa, Azərbaycanda referendumsuz-filansız ölüm hökmünü bərpa ediblər? Hakimiyyətin bu davranışına qədər Mehman Qələndərovun həqiqətən də intihar etdiyini az da olsa, ehtimal edirdim. Ancaq, Mehmanın ölümündən sonra bu faktı danmaq, onun kamerasında sağ-salamat olduğunu bəyan etmək, sonra nəşini gizlətmək, axırda da xəlvətcə dəfn etmək cinayəti gizlətmək, izləri itirmək cəhdi deyilmi?

Mehman Qələndərovun Zabrat qəbristanlığında dəfn olunduğu məzarı tapdığına görə hüquq müdafiəçisi Oqtay bəyə təşəkkür edirəm. Millət olduğumuzu sübut etməliyik. Onun məzarı diqqətsiz qalmamalıdır. Mehmanın ölümünün ört-basdır edilməsinə imkan verməməliyik! Bu cinayəti unutmayaq, unutdurmayaq!”, AXCP sədri yazıb.

Xədicə İsmayıl: Bizi qohumunun qanı ilə alver edənlərlə üz-üzə qoymayın

Xədicə İsmayılova (Foto Fərqanə Novruzovanın Facebook səhifəsindən götürülüb)
Xədicə İsmayılova (Foto Fərqanə Novruzovanın Facebook səhifəsindən götürülüb)

Keçmiş “vicdan məhbusu” Xədicə İsmayıl fəallara xatırladır ki, ailəniz sizin mübarizənizdə yanınızda deyilsə, həbsə düşəcəyiniz təqdirdə və ya başınıza bir iş gələcəyi təqdirdə ədalətə nail olmaq üçün mübarizə aparacaq dostlarınızı müəyyənləşdirin və onların adına etibarnamə rəsmiləşdirin.

“Bizi qohumunun qanı ilə alver edən ailələrlə üz-üzə qoymayın”, o facebook səhifəsində yazır.

Aslan İsmayılov: Bu açıqlama hadisənin obyektiv araşdırılacağını şübhə altına alır

Hüquqşünas Aslan İsmayılov yazır ki, Baş Prokurorluğun mətbuat xidmətindən KİV-lərə verilən məlumata görə, bloğer Mehman Qələndərovun Kürdəxanı İstintaq təcridxanasında baş vermiş ölümü ilə bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Aslan İsmayılov
Aslan İsmayılov

“Hesab edirəm ki, bu açıqlama yarımçıqdır və hadisənin obyektiv araşdırılacağını şübhə altına alır. Belə ki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 667 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2014-cü il 26 fevral tarixli qərarı ilə İstintaq təcridxanalarının daxili intizamqaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 6.1. bəndinə əsasən “Həbs edilmiş şəxslər istintaq təcridxanasında mühafizə olunur və nəzarət altında saxlanılırlar. Həmin şəxslər istintaq təcridxanasının ərazisində, istintaq təcridxanasının işçilərinin müşayiəti ilə hərəkət edirlər. Nəzarət həyata keçirilərkən video, elektron və ya digər texniki vasitələrdən istifadə edilir”.

Mehman Qələndərovun özünə sui qəsd etməsi də ən azından İstintaq təcridxanası əməkdaşlarının səhlənkarlığı nəticəsində baş verib. Cinayət Məcəlləsinin səhlənkarlığa görə məsuliyyət nəzərdə tutan 314-cü maddəsində deyilir: “314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda-
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda-beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Konkret bu halda ən azından İstintaq Təcridxanasının səhlənkarlığa yol vermiş əməkdaşları haqqında Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanmalıdır. Ancaq, bu halda ölüm hadisəsinin obyektiv və ədalətli araşdırılmasından söhbət gedə bilər”, hüquqşünas facebook səhifəsində yazıb.

Ülvi Həsənli: İlkini də həbsxanada əməkdaşlıq söhbətləri ilə bezdiriblər, əl çəkmirlər

Ülvi Həsənli
Ülvi Həsənli

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli blogerin intiharının səbəbindən yazakən NİDA-nın həbsdə olan fəalının bəyanatına istinad edib:

“Bu gün həbsxanada olan İlkin Rüstəmzadə ilə telefonla danışdım. Dedi ki, bu cümlələri olduğu kimi onun adından yazım. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları bir neçə dəfə onunla görüşüb, onu da əməkdaşlığa vadar etmək istəyiblər, amma İlkin imtina edib”.

Ülvi Həsənli özünün feysbuk səhifəsində yazıb: “Sonuncu dəfə də gəlib açıq-aşkar deyiblər ki, bizimlə əməkdaşlıq etməsən nə müalicə müəssisəsinə gedəcəksən, nə müalicə olunacaqsan, nə də həbsdən azad olunacaqsan, elə bu vəziyyətdə burada öləcəksən. İlkin deyir beləcə də dedilər”, Həsənli bildirib.

“Sonra da deyirik, necə oldu Mehman Qələndərov həbsxanada intihar etdi? İntihar həddinə çatdırılma olmasa, bütün təzyiqləri, repressiyaları gözə alıb mübarizəyə qoşulan, həbs olunan, gələcəyə ümidi olan insanlar heç vaxt bu yola əl atmaz. Yenə qeyd edirəm, yəni bu intihar məsələsi şübhəlidir. Əslində İlkinin dediklərinin bu məsələ ilə birbaşa əlaqəsi yox idi, amma mən əlaqə gördüyümə görə İlkinin sözlərinin davamı ilə bu məsələni yazdım. Yəni İlkini də həbsxanada əməkdaşlıq söhbətləri ilə bezdiriblər, əl çəkmirlər”, Həsənli yazıb.

Leyla Yunus: Hökumət Mehman Qələndərovun ölümünün səbəblərinin ciddi araşdırılmasına çağırılmalıdır

Leyla Yunus (Foto Ülvi Həsənlinindir)
Leyla Yunus (Foto Ülvi Həsənlinindir)

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun bəyanatında deyilir ki, beynəlxalq hüquq müdafiə təşkilatları, Avropa Parlamentinin insan haqları komitəsi, Avropa İttifaqının insan haqları üzrə komissarı Azərbaycan hökumətini “vicdan məhbusu” Mehman Qələndərovun ölümünün səbəblərini ciddi araşdırılmasına çağırmalıdır.

“Avropa İttifaqının diktatura rejimi ilə əməkdaşlığı hüquq və azadlıqların davamlı olaraq pozulmasına, Azərbaycanda insanların Suriya üsulları ilə işgəncələrlə öldürülməsinə təkan verir ”, hüquq müdafiəçisi qeyd edir.

Tofiq Yaqublu: Daha bundan o yanası yoxdur

Müsavat başqanının müavini Tofiq Yaqublu partiya sədri İsa Qəmbərlə (Foto Arif Hacılının Facebook səhifəsindən götürülüb)
Müsavat başqanının müavini Tofiq Yaqublu partiya sədri İsa Qəmbərlə (Foto Arif Hacılının Facebook səhifəsindən götürülüb)

Müsavat Partiyası başqanının müavini, “vicdan məhbusu” olmuş Tofiq Yaqublu hesab edir ki, hazırki rejim heç bir suçu olmayan "siyasi məhbus" Mehman Qələndərovu həbsxanada öldürüb.

“Ölkədə tam sakitlikdir. Bir vaxtlar Gürcüstan həbsxanasında həqiqi cinayətkar olan məhkuma işgəncə verilməsi faktı məlum olanda ölkə təlatümə gəlmişdi. Bax belə... Məncə müxalifət birgə etiraz mitinqi keçirməlidir. Çünki daha bundan o yanası yoxdur”, o facebook səhifəsində yazır.

Öz növbəsində, Penitensiar Xidmət hələ Qələndərovun ölümünün səbəbləri ilə bağlı açıqlama verməyib.

XS
SM
MD
LG