Accessibility links

Bloq: Əsədin strategiyası


Bəşar əl-Əsəd, Suriya Prezidenti
Bəşar əl-Əsəd, Suriya Prezidenti

“Biz hesab edirik ki, Suriya hökuməti və silahlı qüvvələri ilə əməkdaşlıq etməmək böyük səhvdir. Əsədin silahlı qüvvələrindən və kürd silahlı dəstələrindən başqa heç kəs Suriyada İŞİD və başqa terroristlərə qarşı vuruşmur,” deyə Rusiya prezidenti Vladimir Putin BMT Baş Assambleyasının toplantısındakı çıxışında bəyan etdi. Putin orada dayanmadı. “İslahatlar əvəzinə, aqressiv xarici müdaxilə milli təsisatların və həyat tərzinin büsbütün dağıdılması ilə nəticələnib. Demokratiyanın təntənəsi və proqres əvəzinə, bizə nəsib olan zorakılıq, yoxsulluq, və sosial fəlakət olub. İnsan haqları, o cümlədən yaşamaq haqqı heç kimin vecinə deyil. Bu situasiyanı yaradanlara üzümü tutub soruşuram: Siz nə etdiyinizin fərqindəsinizmi?”

Didərginlərin öz ifadələrinə əsaslansaq, qaçqın böhranı Suyriyada qəddar müharibənin sıradan bir effekti deyil. Bu, 200,000 mülki vətəndaşın qırıldığı müharibədə ən çox adam öldürmüş Suriya hökumətinin məqsədyönlü şəkildə apardığı siyasətin tərkib hissəsidir.

Suriyada yaşanan fəlakətin miqyasını inkar etmək çətindir. 2011-ci ildə ölkədə vətəndaş müharibəsi başlananandan bəri 250 000 adam həlak olmuş, 12 milyon suriyalı (ölkə əhalisinin yarısı) yurdunu tərk etməyə məcbur olmuşdur. Milyonlarla adam təhlükədən qurtulmaq üçün İordaniya, Türkiyə və son aylarda Avropaya üz tutub. Belə bir vəziyyətdə günahkar axtarışına çıxılması təbiidir. Eyni dərəcədə vacib olanı situasiyanı doğuran səbəblərin təhlilidir. Vladimir Putinin səsləndirdiyi fikir məsuliyyəti Ərəb Baharını mənəvi baxımdan dəstəkləmiş və ümumilikdə qlobal demokratikləşmənin tərəfdarı olan Qərbin üzərinə qoyur. Rusiya liderinin təmsil etdiyi düşərgənin arqumentinə əsasən Suriyada minlərlə adamın qırılmasına, milyonların evlərindən didərgin düşməsinə rəvac verən başlıca amil Qərb dövlətlərinin bu ölkədə təkan verdikləri proseslərdir.

Buzzfeed dərgisinin araşdırmaçı yazarları Mike Giglio və Minzer əl-Avad məsələyə fərqli yanaşırlar. “Didərginlərin öz ifadələrinə əsaslansaq, qaçqın böhranı Suriyada qəddar müharibənin sıradan bir effekti deyil. Bu, 200 000 mülki vətəndaşın qırıldığı müharibədə ən çox adam öldürmüş Suriya hökumətinin məqsədyönlü şəkildə apardığı siyasətin tərkib hissəsidir.” İstanbulda qaçqın həyatı yaşayan iki uşaq atası Ceydet əl-Fadelin fikri birmənalıdır: “Onlar (Əsəd hökuməti) ölkəni boşaltmaq istəyirlər,” deyə əl-Fadel iki il öncə doğma qəsəbəsində hökumət əsgərlərinin mülki vətəndaşlara qarşı törətdikləri qətliamı xatırlayır. Qonşularını dəfn etdikdən az sonra 53 yaşlı ata ailəsini ölkədən çıxardı.

Minlərlə suriyalı qaçqın Aralıq Dənizində batmaq riski ilə Avropaya üz tutur.
Minlərlə suriyalı qaçqın Aralıq Dənizində batmaq riski ilə Avropaya üz tutur.

Giglio və Avadın yazdığına görə hazırda Əsəd ölkənin dörddə üçünə nəzarəti itirib və mülki vətəndaşları hədəf almaq dörd illik vətəndaş müharibəsinin başlanğıcından strategiyanın tərkib hissəsi olub. Əsədə sadiq qüvvələr müxalifətin nəzarət etdiyi ərazilərdə həyatı hamı üçün cəhənnəmə döndərməklə qaçqınlar ordusu yaradırlar. “Strategiyanın məntiqi əhaliyə başqa seçim qoymamaqdır: Ya bizə itaət edin, ya da öləcəksiniz!” deyə Sərhədsiz Həkimlərin Suriya bürosunun nümayəndəsi Pierre Desbareau izah edir.

1970-ci ildə hərbi çevriliş yolu ilə hakimiyyətə gəlmiş Hafiz əl-Əsəd əhalinin 70 faizdən çoxunu təşkil edən sünniləri siyasi prosesdən kənarlaşdıraraq, dövlət apparatını azlıqda olan ələvi şiələrin ixtiyarına vermişdi. Siyasi elitanın əsasən azlıqdan ibarət olduğu yerdə əhali arasında hökumətdən həmişə dərin narazılıq mövcud olub.

Suriya böhranı haqda danışanda çoxlarının nəzərində İŞİD-in törətdiyi vəhşiliklər canlanır. Şübhəsiz, terror qruplaşmasının əməlləri müasir eranın ən qəddar fenomeni sayıla bilər. Amma Avopaya axışan qaçqınların əksəriyyəti İŞİD-dən yox, Əsəddən qaçanlardır. Bu fikri istər qaçqınlar, istərsə də onları gətirən qaçaqmalçılar təsdiq edir. “Qaçqınlara yeganə səbəb budur,” deyə İstanbulda adının çəkilməsini istəməyən qaçaqmalçı jurnalistlərə deyir. Aksaray məhəlləsində qərargahlanan şəxsin təxminlərinə görə, onun Avropaya göndərdiyi didərginlərin 90 faizi Əsədin əlindən qaçanlar olub. “Bu, heç vaxt bitməyəcək. İnsanlar ölkəni tərk etməkdə davam edəcəklər,” o, əlavə edir.

Suriyadakı qan-qadaya görə xarici qüvələri günahlandıranlar unudur ki, ilkin mərhələdə Suriyada baş qaldıran etiraz dalğası Tunisdə olduğu kimi dinc xarakter daşıyırdı. 2011-ci il martın 15-də siyasi islahatlar şüarı ilə küçələrə çıxanlar demokratiya fəalları, müəllimlər, həkimlər, və mühəndislər idi. Əsədin siyasi tələblərə cavabı ilk öncə snayper atəşləri, daha sonra isə ağır texnika ilə silahlanmış ordu həmlələri oldu Sivil qarşıdurmanın vətəndaş müharibəsinə çevrilməsində öz xalqına qarşı ordudan istifadə etmək qərarı verən prezident Bəşar Əl-Əsədin müstəsna rolu var. Əsəd sıravi Suriya vətəndaşlarına bəzən düşmən ölkənin müharibə zamanı qarşı tərəfin vətəndaşlarına rəva görmədiyi həddə zorakılıqlar tətbiq etməyə başladı. Bu günədək Əsədə sadiq hərbi birləşmələr müxalifətin nəzarəti altında olan ərazilərdə sərbəst şəkildə çəllək bombaları, artilleriya mərmiləri atmaqda, indiskriminat bombardman etməkdə davam edir, qadın-uşağa fərq qoymadan bütöv əraziləri ərzaq və tibbi yardımdan məhrum edirlər. Duma qəsəbəsində qərargahlanan telestansiyada çalışan Yamma əl-Sayed təkcə avqust ayında üç qətliama şahid olduğunu deyir. Avqustun 16-da yerli bazar hökumət qüvvələri tərəfindən bombalandıqdan sonra yüzdən çox adam həyatını itirmişdi. “Onların çoxu qadınlar, uşaqlar və qocalar idi,” deyə jurnalist bildirir.

Müşahidəçilərin fikrincə, yerdə cərəyan edən olaylar göstərir ki, təriqətcə ələvi şiə olan Əsəd və onun yaxın çevrəsi Suriyada sünnilərin təşkil etdiyi çoxluğa düşmən münasibəti sərgiləyir. Elə rejimin İran və Hezbullah tərəfindən dəstəklənməsində də təriqət faktoru başlıca rol oynayır. Öz vətəndaşlarına qarşı silah işlədən Əsədin Suriya xalqını və bu xalqın böyük əksəriyyətini təşkil edən sünniləri təmsil etmədiyi aydın görünür. Belə ki, qaçqın düşənlərin mütləq əksəriyyəti də sünnilərdir.

Əsədə sadiq qüvvələr Suriyada müxalif fikirli vətəndaşlara qarşı müharibə cinayətləri törətməkdə ittiham olunur.
Əsədə sadiq qüvvələr Suriyada müxalif fikirli vətəndaşlara qarşı müharibə cinayətləri törətməkdə ittiham olunur.

İnqilablar, vətəndaş müharibələri sosial harmoniyanın hökm sürdüyü məkanlarda baş vermir. Hakimiyyəti atasından miras almış Bəşar əl-Əsədin təmsil etdiyi hakim klan ötən yarım əsrdə suriyalıların mütləq əksəriyyətini fundamental siyasi hüquqlardan məhrum edib. 1970-ci ildə hərbi çevriliş yolu ilə hakimiyyətə gəlmiş Hafiz əl-Əsəd əhalinin 70 faizdən çoxunu təşkil edən sünniləri siyasi prosesdən kənarlaşdıraraq, dövlət apparatını azlıqda olan ələvi şiələrin ixtiyarına vermişdi. Siyasi elitanın əsasən azlıqdan ibarət olduğu yerdə əhali arasında hökumətdən həmişə dərin narazılıq mövcud olub. 1982-ci ildə Həma şəhərində üsyan baş qaldıranda ata Əsədin reaksiyası qeyri-proporsional güc nümayişi, minlərlə adamın qətli oldu. O vaxtdan bəri Suriyada diktatura totalitar xarakter alaraq sünnilərin idarəçilikdən bir qədər də uzaqlaşdırılması ilə nəticələndi. Nyutonun üçüncü qanunu təsirin əks-təsirə bərabər olduğunu diktə edir. Bu mənada Əsədlərin ayrıseçkilik və zorakılıqlarla müşayiət olunan daxili siyasəti həmin ölkədə yaşanan faciənin katalizatoru sayıla bilər.

Bəşar əl-Əsədin Moskvada və Tehranda oturan müttəfiqləri çox istərdilər ki, bu fəlakətin məsuliyyəti Qərbin, yerli demokratiya tərəfdarlarının üzərinə qoyulsun. Məsələyə bu cür baxış Əsədi öz xalqına qarşı törətdiyi dəhşətli əməllərin məsuliyyətindən nəinki azad edir, onu situasiyadan yeganə çıxış yolu kimi, az qala xilaskar kimi təqdim edir. Əsədlə oxşar dəyərləri paylaşan liderlər nə vaxtsa öz ölkələrində demokratik dəyişikliyin qarşısını alacaq təfəkkürün dünyaya hakim kəsilməsini istəyirlər. Seçimin yalnız Əsədlə İŞİD arasında olduğunu təkid edənlər özlərinə normal gələcək tələb edən və buna görə gülləbaran edilən, didərgin salınan suriyalıları inkar edirlər. Amma inkaredilməz səslər qalır və xəstəxana direktoru Həsən əl-Arac kimi həmin səslər baiskarı yaxşı tanıyırlar. Bir vaxtlar atasının qətliam törətdiyi Həma bölgəsində indi oğul Əsədin atdığı çəllək bombaları kənddə üç evi dağıtdıqdan sonra əl-Arac deyir: “Rejimin məqsədi insanları didərgin salmaqdır. İnsanları ölüm gözləyir.”

XS
SM
MD
LG