Accessibility links

Bloq: Mühacir milyarderlər ölkəsi

  • Əsgər Möhsümoğlu

"Ver mənə öz yorulmuşlarını, öz yoxsullarını, azad nəfəs almağa can atan kütlələrini..." - Nyu York buxtasında mühacirləri ilk qarşılayan Azadlıq Heykəlinin postamentindəki yazıdan

“Uşaq ikən ailəsi Argentinadan ABŞ-a köçmüş dostum bu yaxınlarda mənə söylədi ki, o öz vətənində heç vaxt biznes qura bilməzdi, çünki müvafiq sinfə mənsub deyildi. Amma Birləşmiş Ştatlarda onun hansı ailəyə mənsub olması heç kəsin vecinə deyil. Adamların vecinə olan sənin qabiliyyətindir,” Thomas Heath Washington Post qəzetində yazır.

Dünyada başqa elə bir ölkə yoxdur ki, orada sən, yaxud valideynlərin sadəcə çox işləməklə bir nəslin içərisində belə nəhəng var-dövlət yaratsınlar.

Amerikanın rekord sayda mühacir miyarderlərə vətən olduğunu xəbər verən müəllif xaricdən gəlmələrin ən varlı amerikalıların 10 faizini təşkil etdiyini vurğulayır. Onun sözlərinə görə, bu var-dövlətin böyük qismi Amerikaya xaricdən gəlməyib, məhz bu ölkənin özündə hasil edilib.

Forbes jurnalının açıqladığı illik hesabatda 400 ən varlı amerikalıdan 42-nin immiqrant olduğu bildirilir. Bu 42 adamın varidatının ümumi həcmi $250 milyard dollar təşkil edir. Bu siyahıda Tesla şirkətinin banisi Elon Mask ($11.6 milyard, Cənubi Afrika), həmtəsisçisi Yan Koum ($8.8 milyard, Ukrayna) və supermarket maqnatı Con Katsimatidis ($3.3 milyard, Yunanıstan) yer alır.

Elon Mask, Tesla Motors və SolarCity şirkətlərinin Baş İcraçı Direktoru
Elon Mask, Tesla Motors və SolarCity şirkətlərinin Baş İcraçı Direktoru

"Dünyada başqa elə bir ölkə yoxdur ki, orada sən, yaxud valideynlərin sadəcə çox işləməklə bir nəslin içərisində belə nəhəng var-dövlət yaratsınlar," biznesmen Raul Fernandez deyir. O, Kuba və Ekvadordan gəlmiş mühacirlərin övladıdır.

Heath yazır ki, 42 ən varlı mühacirdən beşi İsrail, beşi Hindistan, dördü Tayvan və Macarıstandan gəlmədir. Siyahıya Moskvada doğulmuş və altı yaşında valideynləri Amerikaya köçmüş Google şirkətinin banisi Sergey Brin rəhbərlik edir. Onun varidatının həcmi $37.5 milyard dollardır. Siyahıda yer alanların ikisini çixmaq şərtilə hamısı pulu Amerikada qazanıb.

“Mühacirlərin ölkəyə iqtisadi töhfəsi danılmazdır,” Kaufman Fondunun hesabatında qeyd olunur. “İmmiqrantların Amerikada sahibkarlıqla məşğul olmaq ehtimalı Amerikada doğulmuş adamların biznesə baş vurmaq ehtimalından ikiqat yüksəkdir.” Belə ki, riskə meyllilik öz ölkəsini tərk edib yeni ölkədə həyata başlayan adamın əzəl xüsusiyyətidir və elə bu xüsusiyyət də yeni biznes ideyalarına nəfəs verən amildir, hesabatın müəlllifləri qeyd edir.

Yahoo! rəhbəri Cerri Yanq (mərkəzdə) Google həmtəsisçiləri Larry Page (solda) və Sergey Brinlə söhbətləşir.
Yahoo! rəhbəri Cerri Yanq (mərkəzdə) Google həmtəsisçiləri Larry Page (solda) və Sergey Brinlə söhbətləşir.

Fernandez müşahidə edilən fenomeni Amerikaniın unikal “eko-sistemi” ilə izah edir. “Bu mühit uğura ac, heç nəsiz mühacirləri möhtəşəm şirkətlər qurmağa və nəhəng miqdarda varidat qazanmağa sövq edir.”

Yeni dünyanın bəxş etdiyi yeni imkanlar həqiqətən öz unikallığı ilə seçilir. Burada başqa mədəniyyətləri tolerantlıq, Amerikanın mühacirlər ölkəsi kimi reputasiyası önəmli rol oynayır. Amma bu unikallığın daha mühüm əlaməti biznes fəaliyyəti üçün mövcud sərbəstlik, mülkiyyət hüquqularının aliliyi və innovasiyanı mükafatlandıran azad bazar mühitidir. Azadlıq olmayan yerdə yaradıcılıq olmur. Bu gün dünya boyu istifadə olunan texnologiyaların – məsələn, kompüterlərin, smartfonun, Facebookun, Googleun – məhz Amerikada ərsəyə gəlməsi bu hekayənin tərkib hissəsidir. Mühacir milyarderlərin uğuru kimi.

XS
SM
MD
LG