Accessibility links

Bloq: Şimali Koreyanın “Gözəllər ordusu”- nəğmələr və təbəssümlər arxasında rejim təbliğatı


Cənubi Koreyada Pxençxanda Qış Olimpiya Oyunlarında Şimali Koreyanın qızlardan ibarət dəstək qrupu demək olar idmançılar qədər diqqət cəlb edir.

229 gənc, gözəl qız idman yarışları zamanı mahnılar və rəqslər ifa edib, Şimali Koreyanın Olimpiya Oyunlarında iştirak edən 22 idmançısına azarkeşlik edir.​

Şimali Koreyanın dəstək qrupu Pxençxanda Qış Olimpiya Oyunlarında
Şimali Koreyanın dəstək qrupu Pxençxanda Qış Olimpiya Oyunlarında

Hamısı eyni qırmızı rəngli, yaxası qara xəzli palto və qısa qara çəkmələr geymiş gülərüz qızların Olimpiya Oyunlarına gəlişi böyük maraqla qarşılandı. Dünyanın gözləri qarşısında hərbi geyimdə raket sınaqlarını müşahidə edən Kim Conq Unla bağlı imicə malik olan Şimali Koreya haqda bu gözəl qızlar vasitəsilə sanki fərqli bir görünüş yaranırdı. Lakin qızlar Oyunlarda sadəcə Şimali Koreya idmançılarına dəstək vermir, onların Pxençxanda öz missiyası var. “Gözəllər ordusu” adlandırılan bu qrup iki Koreya arasında gərginliyin azaldılması məqsədilə göndərilmiş sülh elçiləri kimi qəbul edilsə də, dəstək qrupu Şimali Koreya rejiminin strateji təbliğatının bir hissəsi hesab edilir.

Biz hamımız bilirik ki, bu, şimali koreyalıların geydiyi maskadır. Onlar gülümsəməyə məcbur edilir.
Şimali Koreyadan Cənubi Koreyaya qaçmış qadın

Şimali Koreya bundan əvvəl də Cənubi Koreyaya qızlardan ibarət dəstək qrupu göndərib. 2002-ci ildə Busanda Asiya Oyunları, 2005-ci ildə isə İçeonda Asiya atletlərinin yarışları zamanı da dəstək qrupu oyunlarda idmançılara azarkeşlik edib. Lakin Pxençxan Olimpiadası qızlar üçün artıq qlobal səhnəyə çıxmaq deməkdir.

Qızların gözəl nəğmələri və rəqsləri, eləcə də rəngarəng kostyumlarının yaratdığı təəssüratlarla yanaşı, dünya eyni zamanda, “Gözəllər ordusu”nun timsalında Şimali Koreya rejiminin öz vətəndaşlarının həyatına total nəzarətinin nümunəsini görür.

Dəstək qrupunun üzvlərinin seçim prosesi bütünlüklə hökumətin nəzarəti altındadır və gənc qızlar üçün xüsusi kriteriyalar mövcuddur. Bildirildiyi kimi, Şimali Koreya liderinin həyat yoldaşı 2005-ci ildə Asiya Oyunlarına göndərilmiş dəstək qrupunun üzvü olub.

North Korean cheerleaders
North Korean cheerleaders

The New York Times qəzetinin yazdığına görə, dəstək qrupu Oyunlar zamanı ciddi nəzarət altındadır və daim mühafizəçilərlə müşayiət olur. Onların başqaları ilə təmasda olması qadağan edilib.

Təlimin diqqət mərkəzində xüsusilə də o dururdu ki, biz öz vətənimizi bir dəqiqə belə unutmamalıyıq. Və biz unutmamalıyıq ki, general Kim Conq Unun adına layiq olduğumuz üçün buradayıq.
Han Seo-he

Dəstək qrupunun üzvləri Pxençxan yaxınlığındakı qəsəbədəki mehmanxana kompleksində, onlar üçün icarə edilmiş 108 otaqda iki-iki qalır. Onlar yaxınlıqdakı otellərin birində yemək yeyir və hər gün 30 nəfərdən ibarət qrup şəklində yeməyə gəlir.

The New York Times yazır ki, qızlar hər yerə, hətta yarışlar zamanı fasilələrdə ayaqyoluna da qrup şəklində gedir. Stadionlarda və idman meydançalarında qızlar ətrafdakıları görməyən kimi davranır, heç kəslə söhbət etmir.

Qrupun Şimali Koreyadan qaçmış keçmiş üzvü Han Seo-he-nin bildirdiyinə görə, qızlar Şimali Koreya rejiminin sosialist və milli ideyasını təbliğ edə bilmək üçün xüsusi psixoloji təlim keçir.

“Bizi bir neçə tipli psixoloji təlim üçün ayırmışdılar. Bizə deyilirdi ki, biz başqa dünyadan təəəcüblənməyib, şok olmamalıyıq. Təlimin diqqət mərkəzində xüsusilə də o dururdu ki, biz öz vətənimizi bir dəqiqə belə unutmamalıyıq. Və biz unutmamalıyıq ki, general Kim Conq Unun adına layiq olduğumuz üçün buradayıq”, Han Seo-hee BBC-yə müsahibəsində deyib.

35 yaşlı Han 16 il bundan əvvəl ölkənin hüquq-mühafizə orqanı kimi tanınan Xalq Təhlükəsizliyi Nazirliyinin orkestrində olduğu zaman dəstək qrupuna seçilib. Onun sözlərinə görə, dəstək qrupuna boyu 160 santimetrdən yuxarı 20 yaşlarında qızlar seçilir. Seçim prosesi zamanı qızlarla müsahibələr aparılır, onların ailələri haqda məlumatlar alınır. O, deyib ki, seçim zamanı Şimali Koreya rejiminə rəğbət, kollektiv şəkildə nümunəvi iş nümayiş etdirmək və düzgün ailədən olmaq kimi kriteriyalar nəzərə alınır. Han bildirib ki, qızlar maaş almır, lakin xarici səfərlər etmək kimi imkan əldə edə bildiklərinə görə məmnunluq duyur.

Şimali Koreyanın dəstək qrupunun üzvləri Qış Olimpiya Oyunlarında özünəməxsus bir əhval yaradıb və böyük marağa səbəb olub. Lakin qızların oyunlar zamanı çıxışları və nəğmələri birmənalı qarşılanmayıb. Çoxları bu nəğmələr və gözəl təbəssümlərin Pxenyan rejiminin hərbi təbliğatının maskalanmış şəkli olduğunu düşünür.

Şimali Koreyadan Cənubi Koreyaya qaçmış qadınlar CNN tele-kanalına müsahibədə qarışıq hisslər keçirdiklərini deyiblər. Qış Olimpiya Oyunlarının açılışı mərasimində Cənubi və Şimali Koreyaların bir bayraq altında vahid komanda kimi birgə addımlamasını alqışlayan bu qadınlar ölkənin vətəndaşlarının totalitar nəzarət altında olduğunu deyir. “Onların hərəkət etmək azadlığı yoxdur. Çünki onlar daim nəzarət altındadır” Şimalda “qul kimi yaşadığını” deyən qadınlardan biri bildirib.

Başqa bir qadın isə insanların rejim tərəfindən xoşbəxt görünməyə və gülümsəməyə məcbur edildiklərini deyib: “Biz hamımız bilirik ki, bu, şimali koreyalıların geydiyi maskadır. Onlar gülümsəməyə məcbur edilir.”

Olimpiya Oyunları böyük idman tədbiri olmaqla yanaşı, həm də çox vaxt diplomatiya üçün gözəl imkan və vasitə kimi xidmət edir. Pxençanda Qış Olimpiya Oyunlarında Şimali Koreya idmançıları ilə yanaşı, musiqi orkestri və dəstək qrupunun iştirakı dünyanın ən təcrid olunmuş ölkəsi haqda az da olsa təsəvvür əldə etmək imkanı verir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG