Accessibility links

“Sinqapur bizim Asiyada ən yaxın tərəfdaşlarımızdan biridir,” Prezident Donald Tramp Ağ Evin qarşısında sinqapurlu həmkarı ilə birgə bəyanatında bildirdi. “Birləşmiş Ştatlar Sinqapurla o, yarım əsr bundan öncə istiqlaliyyət əldə etdikdən bəri dərin və davamlı əməkdaşlıq qurub.”

Sinqapurun indiki baş naziri Li Hsien Loonqun atası Li Kuan Yunun hakimiyyəti dönəmində yoxsul ada millətindən iqtisadi qüdrətə çevrildiyini vurğulayan Prezident Tramp cırtdan dövlətin “son 50 ildə inanılmaz iqtisadi və siyasi uğurlara nail olduğunu” söylədi.

Sinqapur dünyada biznes qurmaq üçün ən yaxşı məkan sayılır. Yeni biznes açmaq cəmi 3 gün və 3 prosedur tələb edir.

Və ABŞ lideri həmin uğurun əsasında dayanan amilləri sadaladı. “Sinqapurun qanun aliliyinə, beynəlxalq mülkiyyət hüquqularının qorunmasına, ədalətli və qarşılıqlı ticarətə hörməti bu ölkəni biznes üçün maqnitə çevirib,” deyə Prezident Tramp bu gün Sinqapurda 4,000-dən çox Amerika biznesinin fəaliyyət göstərdiyini önə çəkdi.

Bir çox başqa qonşuları ilə müqayisədə Sinqapur reallığı həqiqətən möcüzə sayılmalıdır. Ölkənin ixrac etdiyi məhsulların 50 faizdən çoxunu yüksək texnologiyalı istehsalat təşkil edir. Bu göstərici üzrə dünyada birinci yeri tutan Sinqapur ən yaxın rəqabətçiləri olan Koreya, Çin, İrlandiya, ABŞ və Yaponiyanı az qala ikiqat üstələyir.

Sinqapur dünyada biznes qurmaq üçün ən yaxşı məkan sayılır. Yeni biznes açmağın cəmi 3 gün və 3 prosedur aldığı bu ölkə ABŞ, Almaniya və Yaponiya kimi ölkələri oxşar göstəricilərdə xeyli geridə qoyur.

Ölkədə korporativ fəaliyyəti həvəsləndirməyə yönəlik vergi faizi birinci dünya ölkələri sıralarında ən aşağı həddədir. Azad bazarın beşiyi sayılan ABŞ-da korporasiyalara qoyulan vergilər Sinqapurdakından demək olar ki, ikiqat yüksəkdir.

Sinqapur Menecment Universiteti ölkə rəhbərliyinin uğurlu təhsil siyasətinin özəyini təşkil edən qabaqcıl təsisatlardan biridir.
Sinqapur Menecment Universiteti ölkə rəhbərliyinin uğurlu təhsil siyasətinin özəyini təşkil edən qabaqcıl təsisatlardan biridir.

Dəqiq fənlər, texnologiya, mühəndislik və riyaziyyat üzrə tədris sahələrində də şəhər-dövlət birinciliyi əldə saxlayır. Milken İnstitutunun tərtib etdiyi indeksə əsasən 0-7 şkalasında Sinqapur 6.3 bala sahibdir və bu sahələrdə ixtisaslaşan tələbələr üzrə Yaponiya, ABŞ və İsrail kimi dövlətləri geridə qoyur.

1965-ci ildə müstəqillik qazandıqdan sonra əldə etdiyi nailiyyətlərə görə Sinqapur xalqı ilk növbədə dövlətin banisi sayılan Li Kuan Yuya borcludur. Li yenicə baş nazir olanda Sinqapurda adambaşı gəlir $400 dollar idi. Bu gün həmin rəqəm $38,000 təşkil edir. Orta sinqapurlu dolanışığına görə amerikalı ilə eyni səviyyədə yaşayır.

Millətin atası sayılan Li Kuan Yu azad bazar prinsiplərini rəhbər tutaraq Sinqapuru birinci dünya ölkəsinə çevirməyə nail olub.
Millətin atası sayılan Li Kuan Yu azad bazar prinsiplərini rəhbər tutaraq Sinqapuru birinci dünya ölkəsinə çevirməyə nail olub.

“Öz vizyonu, əzmkarlığı, işgüzarlığı və dürüstlüyü ilə tanınan Li Kuan Yunun dinamik liderliyi sayəsində Sinqapur bir nəslin içərisində üçüncü dünya ölkəsindən birinci dünya ölkəsinə çevrildi,” Munis Ahmer dawn.com saytında yazır. Linin iqtisadi dirçəlişlə yönəlik prqamatizmi, eyni zamanda misilsiz vətənpərvərliyi onu həqiqi millət atası statusuna yüksəltdi. 2015-ci ilin martında 91 yaşında dünyadan köçəndə on minlərlə adam bu şəxsiyyətin millət qarşısında göstərdiyi xidməti ehtiramla anmağa axışdı.

Li 1960-cı illərdə, avtoritar liderlərin cövlan etdiyi bir dövrdə azsaylı rəhbərlərdən idi ki, millətin rifahının həqiqətən nədən asılı olduğunu dərk edirdi. O, anlayırdı ki, qanun aliliyi və yaxşı idarəçilik olmayan yerdə firavanlıq, var-dövlət ola bilməz. Sinqapur kimi ciddi təbii sərvətə malik olmayan şəhər-ölkənin xilası xarici investorların ölkəyə cəlb olunmasında idi, və Li öz vətənində bunun üçün münbit şərait yaratamağa nail oldu.

Linin başlıca siyasi xətlərindən biri uzun müddət xarici dövlətlərin idarəçiliyi altında olmuş Sinqapurda millət anlamının etnik mənsubiyyət əsasında formalaşması ideyasından imtina etməsi idi. Çinli çoxluğa malik ölkədə böyük sayda malayların və hindistanlıların mövcudluğu tələb edirdi ki, dövlətin siyasi ideologiyası digər etnik qrupların maraqlarını nəzərə alsın – ən azı onların cəmiyyətdən təcrid olunmuş durumda hiss etməsinə yol verməsin. Eyni zamanda Li dini radikalizmə qarşı barışmaz mövqe sərgiləyir və onun zorakı manifestasiyalarının qarşısını qətiyyətlə alırdı.

Marina Bay Sands kurortu dünyada ən çox fotosu çəkilən məkanlardan biridir.
Marina Bay Sands kurortu dünyada ən çox fotosu çəkilən məkanlardan biridir.

Sinqapurun siyasi sistemi kamil deyil. Hərçənd ki, dövlət banisi və onun varisləri təmizliklərinə, effektiv idarəçilik qabiliyyətlərinə görə tanınıblar, ölkədə qüdrətli müxalifətin olmaması və balanslaşdırıcı təsisatların zəifliyi uzun-dönəmli problem mənbəyi olaraq qalır. Hökumətin uğurlu təhsil siyasəti nəticəsində bu gün ölkədə çox sayda gənc savadlı peşəkar yetişib ki, onlar cəmiyyətdə daha çox şəffaflıq, cavabdehlik və siyasi plüralizm tələb edirlər.

“Sinqapur inkişafını davam etdirmək üçün əlverişli mövqedədir, ancaq növbəti yarım əsrdə ölkənin üzləşəcəyi sınaqlar 50 il öncə təsadüf nəticəsində yaranış vaxtı mövcud olan təhlükələrdən fərqli olacaq,” Simon Long ‘Economist’ məcmuəsində yazır. “Bu sınaqlar fərqli ölçülər tələb edəcək. Sinqapurun üzləşdiyi ən böyük təhlükə özünə-arxayınlıqdır – inidəyədək uğurla işləmiş siyasətin yeni erada da Sinqapura özünə yer tapmaqda yararlı olacağına olan inam.”

Fikirləriniz

Show comments

XS
SM
MD
LG