Accessibility links

Bloq: Yamayka


Yamayka ilə ilk tanışlığım kollec illərində futbolçu dostumla təmasdan başlamışdı. Daim gülərüz, xoş əhval-ruhiyyədə olan bu adamı ali təhsilin ən sərt sınaqları belə təbdən çıxarmırdı. Maraqlı ingilis ləhcəsi də var idi. Hər qış və yay tətillərində doğma vətənindən qayıtdıqdan sonra çimərlikdə necə istirahət etdiyindən danışıb, bizi həsəd hissi ilə doldurardı .

Təyyarəmiz Montego Bay aeroportuna enəndə adanın əsrarəngiz gözəlliyi səmadan göz oxşayırdı. Dostum qürrələnməkdə haqlı idi. Yam-yaşıl tropik təpələr və ağ qumlu sahillərə bitişik firuzə rəngli sular parlaq günəş şüaları altında bərq vururdu.

Yamaykanın təbii gözəlliyi Karib Dənizi hövzəsi üçün elə də unikal deyil. Regionda yerləşən ada dövlətlərin əksəriyyəti real yaxud potensial kurort zonalardır. Unikal olanı Yamaykanın özünəməxsus tarixi, onun kolonial irsidir.

Məşhur rom brendinə çevrilmiş “Kapitan Morqan” vaxtikən Yamaykanın vitse-qubernatoru olmuş və tez-tez ispan koloniyalarına hücumları ilə tanınan Henry Morqana əsaslanır.
Məşhur rom brendinə çevrilmiş “Kapitan Morqan” vaxtikən Yamaykanın vitse-qubernatoru olmuş və tez-tez ispan koloniyalarına hücumları ilə tanınan Henry Morqana əsaslanır.

Məsələn, siz bilirdiniz ki, 2.8 milyon əhalisi olan Yamayka qərb yarımkürəsində üçüncü ən iri ingilisdilli ölkədir? Yaxud, Yamaykada quldarlıq ABŞ-dan onillərlə öncə ləğv edilib? Yaxud da, Yamayka yeganə dövlətdir ki, nə vaxtsa onun başında piratlıqda ittiham olunan şəxs dayanıb?

Karib hövzəsində yerləşən bir çox müasir dövlətlər kimi Yamaykanın hekayəsi transatlantik qul alverinin hekayəsidir. 1494-cü ildə Xristofor Kolumbun Amerika qitəsinə ikinci səyahəti zamanı kəşf edilmiş ada yarım əsrdən çox ispanların hökmranlığı altında olub. Burada əsası qoyulan ilk şəhərlərdən biri - məhz mənim yamaykalı kollec dostumun doğma şəhəri - “Spanish Town” – yəni İspan Qəsəbəsi adlanır.

1655-ci ildə Ser Vilyam Penn və General Robert Venablsın başçılığı altında ingilislər adanın əsas ispan qalasına hücum edərək onu ələ keçirdilər. Az sonra Britaniya hökuməti 17-ci əsr müharibələrində əsir düşən irlandiyalıları adaya sürgün etməklə adanın ilhaqına start verdi. Amma ada əhalisinin başlıca kəsimini növbəti yüzilliklərdə Afrikadan gətirilən qullar təşkil edəcəkdi.

1650-1860-cı illər arasında 15 milyona yaxın insanın Qərbi Afrikadan Amerika qitəsinə qul qismində gətirildiyi güman edilir. Qulların əksəriyyəti plantasiyalarda işləmək üçün Karib dənizi adalarına, Mərkəzi və Cənubi Amerikaya nəql edilirdi.
1650-1860-cı illər arasında 15 milyona yaxın insanın Qərbi Afrikadan Amerika qitəsinə qul qismində gətirildiyi güman edilir. Qulların əksəriyyəti plantasiyalarda işləmək üçün Karib dənizi adalarına, Mərkəzi və Cənubi Amerikaya nəql edilirdi.

Bir çox başqa kolonial dövlətlər kimi Britaniya da adada iqtisadi monokultura yaratmışdı. Ucdantutma bütün ada boyu qul əməyi əsasında şəkər çuğunduru yetişdirilir və bununla Avropanın şəkərə artan təlabatı ödənilirdi. 1820-ci illərdə hər il 77 min ton şəkər istehsal edən Yamayka dünyanın bir nömrəli şəkər istehsalçılarından idi.

İngilis qul alverçiləri üç mənzilli marşrutla hərəkət edirdilər. Onlar gəmilərini Londonda odlu silahlarla, müasir əmtəələrlə doldurur, Afrika sahillərində bu əmtəəni yerli krallara, tacirlərə qul müqabilində satırdılar. Sonra qullarla dolu gəmilər Karib hövzəsi adalarına yetişərək hüquqsuz insanları buradakı plantasiya sahiblərinə satır, əvəzində pambıq, şəkər, qəhvə, tütün, romla geriyə – İngiltərəyə qayıdırdılar.

Romdan söhbət düşmüşkən, o, indəyədək də Karib adalarının fəxri sayılır. Şəkər çuğundurundan çəkilən bu içki əsrlər boyu dənizçilərin, piratların tapındığı bir nemət olub. Ancaq rom təkcə uyuşdurucu mahiyyət daşımır. Onun tərkibində olan alkoqolu suya qatmaqla dənizçilər geniş okeanda uzun məsafələri qət edəcək gəmilərdə bakteriyasız su təchizatını təmin etmiş olurdular.

Yamaykanın qul əməyindən asılılığı adada Afrika mənşəli insanlarla başqa irqə mənsub adamların arasında 20:1 nisbətində say fərqi yaratmışdı. İcbari əməyə etiraz edən qullar tez-tez üsyan qaldırır, zorakılıqlara əl atır, adada siyasi sabitliyi təhlükə altına alırdılar. Britaniya parlamenti ilk öncə zülmün şiddətini azaltmaq üçün bir sıra ölçülərə üz tutdu. Qullara qarşı qamçıdan istifadəyə qadağa qoyuldu, qadınların falaqqa olunması ləğv edildi və qullara həftədə azı bir istirahət günü verildi.

Şəkli Yamayka dollarında əks olunan Samuel Şarp 31 yaşında ikən quldarlığa qarşı müqavimətə başlamış və Yamayka tarixində ən iri qul üsyanına rəhbərlik etmişdi.
Şəkli Yamayka dollarında əks olunan Samuel Şarp 31 yaşında ikən quldarlığa qarşı müqavimətə başlamış və Yamayka tarixində ən iri qul üsyanına rəhbərlik etmişdi.

Yerli quldarlar Britaniya parlamentinin qərarlarına daim müqavimət göstərər və hər vəhclə Londonu inandırmağa çalışardılar ki, qulların durumu qənaətbəxşdir. Nəhayət 1838-ci ildə parlament yerli quldarlarla təmsil olunan Yamayka Assambleyasının iradəsinə zidd olaraq adada quldarlığın tam şəkildə ləğvinə qərar verdi.

Həmin dönəmdə azadlığa doğru başlanan hərəkat 1962-ci ildə Yamaykanın Britaniyadan müstəqillik əldə etməsi ilə nəticələndi. Müstəqillikdən sonrakı illər ərzində Yamayka ildə 6 faiz artımla sürətli iqtisadi inkişaf yoluna qədəm qoydu. Britaniyanın özünəməxsus mülkiyyət qanunlarını miras almış adada sahibkarlığın inkişaf etməsi sayəsində ölkə regionun nisbətən varlı dövlətlərindən birinə çevrildi.

Dayandığım sahildən 90 kilometr qarşıda Kuba yerləşir. 1959-cu ildə Fidel Kastronun hakimiyyətə gəlişindən sonra iqtisadiyyatı ifrat yoxsulluq girdabına yuivarlanmış həmin adada orta aylıq adambaşı maaş 20 ABŞ dollarıdır. Bir az şərqdə dünyanın başqa ən yoxsul ölkələrindən biri olan Haitidir. Həmin ölkənin adanı paylaşdığı Dominikan Respublikası iqtisadi baxımdan xeyli yaxşı durumdadır. Lakin yaxın ətrafdakı dövlətlərin heç biri iqtisadi inkişaf baxımdan mülkiyyət hüquqlarına təminat verən ingilis qanunları əsasında təşəkkül tapmış Yamayka səviyyəsində deyillər.

Dayandığım sahildən 90 kilometr aralıda sabiq ispan koloniyası olan Kuba yerləşir. Kommunist diktaturasının hökm sürdüyü adada orta aylıq maaş 20 dollardır.
Dayandığım sahildən 90 kilometr aralıda sabiq ispan koloniyası olan Kuba yerləşir. Kommunist diktaturasının hökm sürdüyü adada orta aylıq maaş 20 dollardır.

Britaniya Birliyinin üzvü olaraq müasir Yamayka parlamentar demokratiya və həm də konstitutsional monarxiyadır. Adanın rəsmi dövlət başçısı Kraliça Elizabethdir ki, o bu titulu 10-dan çox başqa dövlətlə paylaşır. Adanın idarəçiliyi ilı məşğul olan General Qubernatoru ölkənin demokratik seçkilərdə müəyyən edilmiş baş naziri nominasiya edir, kraliça isə təsdiqləyir.

Qlobal xəritədə kifayət qədər kiçik həcmdə olmasına baxmayaraq Yamaykanın mədəni nüfuzu xeyli uzaqlara gedir. Dünyanın elə pop musiqi radiostansiyası yoxdur ki, Yamaykada ərsəyə gəlmiş reggae musiqisi cizgiləndirməsin.

Reggae janrının ustadı sayılan Bob Marley-nin mahnıları təkcə şirin melodiyaları ilə deyil, siyasi mesajla dolu lirikası ilə yaddaşlara həkk olunub. Marlinin hüquq bərabərliyinə köklənmiş mesajları onun sənətində geniş yer alır. Həyatdan getməsindən 36 il sonra “Get up, stand up, stand up for your rights! Get up, stand up, don’t give up the fight!” (Dur ayağa, hüquqların üçün qalx ayağa! Dur ayağa, qalx ayağa, mübarizədən usanma!) sədaları zülmə qalib gəlmiş yamaykalılar və eləcədə də dünyanın bir çox guşələrində haqsızlıqla üzləşən insan toplumları üçün aktuallığını qoruyub saxlayır.

XS
SM
MD
LG