Accessibility links

COVID-19 peyvəndinin ilk geniş miqyaslı testləri iyulda başlayacaq


ABŞ-ın bio-texnologiya şirkəti koronavirus peyvəndinin geniş miqyaslı testlərinə gələn ay başlayacağını bildirir.

ABŞ Milli Sağlamlıq İnstitutları ilə birgə çalışan Moderna şirkəti COVID-19 peyvəndi hazırlamağa çalışır. Şirkətin cümə axşamı bildirdiyinə görə, ilk testlər gələn ay ABŞ-da 30 min könüllü üzərində aparılacaq. Bəzilərinə həqiqi peyvənd, bəzilərinə isə plasebo veriləcək.

Çinin Sinovac adlı bio-texnologiya şirkəti də gələn ay peyvəndini Braziliyada 9 min könüllü üzərində sınaqdan keçirməyi planlaşdırır. Braziliyada eyni zamanda Britaniyanın Oksford Universiteti tərəfindən hazırlanan başqa bir peyvənd də sınaqdan keçiriləcək.

Tramp administrasiyası COVID-19-a qarşı peyvəndin hazırlanması üçün özəl laboratoriyalarla işləyir. “Son Dərəcə Yüksək Sürətli Əməliyyat” adı verilən bu təşəbbüsün məqsədi yanvar ayına qədər 300 milyon peyvənd hazırlamaqdır.

Lakin mütəxəssislər bir peyvəndin virusun qarşısının alınmasına yardım edəcəyinə və ya təsirinin bir neçə aydan çox davam edəcəyinə zəmanətin olmadığını deyirlər.

Bir digər böyük araşdırmann nəticələri koronavirus pandemiyasına görə milyonlarla insanın sürətlə yoxsulluğa sürükləndiyini proqnozlaşdırır.

Birləşmiş Millətlər Universitetinin açıqladığı hesabatda deyilir ki, iqtisadi tənəzzül 395 milyon insanı gündə 1 dollar 90 sentə və ya daha az miqdarda pula yaşamağa məcbur edə bilər ki, bu, ifrat yoxsulluq deməkdir.

Dünya Bankının bu həftə açıqladığı hesabatında isə bu rəqəm 70 milyonla 100 milyon arasında dəyişir.

"Hökumətlər daha çox iş görməsə və bunu tez bir zamanda etməsə, kasıbı itirdiyi gündəlik gəlirlə təmin etməsə, dünyanın ən kasıb ölkələri acınacaqlı vəziyyətə düşə bilər. Nəticədə yoxsulluğun azaldılması istiqamətindəki irəliləyiş 20-30 il geriyə gedə və BMT-nin yoxsulluğa son qoymaq hədəfini əlçatmaz xəyala çevirə bilər" BMT hesabatının müəlliflərindən biri Endi Samner deyib.

BMT-nin hesabatında deyilir ki, ən çox insan Cənubi Asiya ölkələrində, xüsusilə də Hindistanda, ardınca isə Səhraaltı Afrikan ölkələrində yoxsul olacaq.

Mütəxəssislər ABŞ kimi iqtisadiyyatı güclü olan dövlətləri pandemiyanın dəhşətli zərər vurduğu inkişaf etməkdə olan ölkələrin borclarını bağışlamağa çağırır.

XS
SM
MD
LG