Accessibility links

BMT: Şimali Koreyada insan haqlarının sistematik şəkildə pozulması insanlığa qarşı cinayətlərə bərabər ola bilər


Şimali Koreya lideri Kim Conq Un Pxenyanda Koreya Əmək Partiyasının 8-ci qurultayında nitq söyləyir, 6 yanvar, 2021.
Şimali Koreya lideri Kim Conq Un Pxenyanda Koreya Əmək Partiyasının 8-ci qurultayında nitq söyləyir, 6 yanvar, 2021.

BMT-nin İnsan Hüquqları Bürosunun hesabatında Şimali Koreya əhali üzərində nəzarəti qoruyub saxlamaq üçün sistematik və geniş şəkildə insan haqlarını pozmaqda günahlandırılır. BMR rəsmiləri bunu insanlığa qarşı cinayət kimi qiymətləndirir.

Bu hesabatın hazırlanması üçün Koreya Xalq Demokratik Respublikasından qaçan yüzlərlə insanla müsahibələr keçirilib. BMT-nin insan haqları müşahidəçiləri həmin insanlardan toplanan məlumatların ölkənin penitensiar sistemində insanlıq əleyhinə cinayətlərin törədildiyini düşünməyə əsas verdiyini deyir.

BMT-nin insan haqları üzrə sözçüsü Ravina Şamdasani Amerikanın Səsinə verdiyi müsahibəsində insanlığa qarşı cinayətlərin adi həbsxana sistemində də davam etdiyini deyib. O, məhbuslara sistematik olaraq işgəncə verilməsi, ağır fiziki və mənəvi təzyiqlərə məruz qalmaları ilə bağlı etibarlı məlumatların olduğunu bildirib.

“BMT-nin apardığı araşdırmalar nəticəsində Koreya Xalq Demokratik Respublikasında insanlığa qarşı qətllər, köləlik, işgəncələr, itkin düşmə kimi cinayətlər daxil olmaqla dəhşətli cinayətlər törədildiyi aşkar edildikdən yeddi il sonra gördük ki, çox şey dəyişməyib. İnsanlığa qarşı mümkün cinayətlər davam edir və sənədləşdirilmiş keçmiş cinayətlərə görə heç bir məsuliyyət daşınmayıb" - deyə, Şamdasani bildirib.

Sənədlərə əsasən hazırlanmış 15 səhifəlik hesabatda məhkumlara qarşı öldürülmə, təcavüz və cinsi zorakılıq, tibbi yardım edilməməsi və aclıq kimi cəza növlərinin detalları göstərilib. Hesabatda siyasi məhbusların daha amansızcasına rəftara məruz qaldığı deyilir.

Hesabatda beynəlxalq ictimaiyyət Şimali Koreya xalqının insan hüquqlarına prioritet olaraq diqqət yetirməyə və Kim Con Un hökumətini ciddi pozuntulara görə məsuliyyətə cəlb etməyə çağırılır.

Hesabatda Şimali Koreyada cəzasızlığa son qoyulması tələb edilir. Sənəddə deyilir ki, Koreya Xalq Demokratik Respublikasında törədildiyi iddia edilən beynəlxalq cinayətlərin istintaqı və mühakimə olunması prioritet olmalıdır. BMT hesabatında ölkədəki ağır vəziyyətlə bağlı məsələyə Beynəlxalq Cinayət Məhkəməsi və ya başqa bir məhkəmədə baxılmalı olduğu deyilir.

XS
SM
MD
LG