Accessibility links

Ceyhun Bayramov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb


Sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb.

"Xarici İşlər naziri Ceyhun Bayramov ilə UNGA-76-də (BMT Baş Assambleyasının 76-cı sessiyası) xoş görüş oldu. Birləşmiş Ştatlar Əfqanıstanda təxliyə səylərimizə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edir. Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi mexanizmi də daxil olmaqla, bölgədə məhbusların azad edilməsi, humanitar minalardan təmizləmə və siyasi barışıq kimi sülhün və sabitliyin təşviqi istiqamətində addımlarda irəliləyiş gözləyirik", Viktoriya Nuland Twitter səhifəsində yazıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sentyabrın 22-də yaydığı mıəlumata görə, tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında ümumi fikir mübadiləsi aparıblar.

Nazirliyin rəsmi məlumatına əsasən, ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı yüksək dəyərləndirib.

Məlumatda tərəflərin bölgədəki cari təhlükəsizlik vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə əlaqədar məsələlər üzrə fikir mübadiləsi apardığı bildirilib. "Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən bu xüsusda konstruktiv addımların atıldığını, Ermənistan tərəfindən isə buna qarşılığın verilmədiyini qeyd edib" - deyə məlumatda qeyd edilir.

Məlumata görə, görüşdə bölgənin sülh şəraitində gələcək inkişafı üçün kommunikasiyaların açılışının və dövlət sərhədlərinin delimitasiyasının vacibliyi vurğulanıb.

"Görüşdə tərəflər, habelə… iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər" - deyə məlumatda qeyd edilir.

ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabrın 14-də başlayıb. Sessiya sentyabrın 27-də başa çatmalıdır. Əsas müzakirə mövzularından biri Əfqanıstanda vəziyyətdir.

XS
SM
MD
LG