Accessibility links

BMT Baş Katibi: Pandemiyanın vurduğu zərəri aradan qaldırmaq üçün illər gərək olacaq


BMT-nin Baş Katibi Antonio Quterreş cümə axşamı deyib ki, COVID-19-un dünya miqyasında vurduğu zərər tək bir peyvəndlə aradan qalxmayacaq və tam bərpa üçün buna illər, bəlkə də on illər gərək olacaq

"Pandemiyanın sosial və iqtisadi təsiri çox böyükdür və böyüməkdə davam edir," deyə Antonio Quterres BMT Baş Assambleyanın yüksək səviyyəli sessiyasında koronavirusun səbəb olduğu qlobal vəziyyəti qiymətləndirməyə çalışıb.

BMT-nın cümə axşamı yaydığı hesabatda pandemiyanın bu il 32 milyon insanı ifrat yoxsulluğa sürükləyə biləcəyi bildirilib.

BMT problemin təsirlərini yüngülləşdirmək məqsədilə milyonlarla insana humanitar yardım çatdırıb. Təşkilat eləcə də qlobal ÜDM-dən (Ümumdaxili Məhsul Paketi) azı 10% dəyərində bir stimul paketi istəyib və ehtiyacı olan bütün ölkələrin borclarının azaldılması üçün təzyiq göstərib.

İki gün davam edəcək sammitdə 80-ə yaxın dövlət və hökumət başçısı çıxış edir. Burada alimlər, mütəxəssislər və Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru da daxil olmaqla, bir sıra BMT agentliklərinin rəhbərlərinin təqdimatları yer alıb.

Pandemiyanı izləyən Cons Hopkins Universiteti dünya boyu koronavirusdan ölənlərin sayının 1,5 milyona yaxın, yoluxanların sayının isə 64,6 milyon olduğunu bildirib.

COVID-19-un təsdiqlənmiş ilk peyvəndlərinin tətbiqinə bu ay başlanılacağı gözlənilir. Quterres peyvəndin bütün ölkələrə bərabər paylanmasını təşviq edir.

Ümumdünya Səhiyyə Təşkilatı aprelin sonunda dövlət və özəl tərəfdaşlarla birlikdə ACT-Accelerator və COVAX (peyvənd) mərkəxini işə salıb. Bu mərkəzlər test, müalicə və peyvəndlərin bərabər səviyyədə hazırlanmasına yönəlib. BMT-nin baş katibi hazırda maqliyyə çatışmazlığının $28 milyard dollar təşkil etdiyini, qarşıdan gələn iki ay üçün isə təcili olaraq $4.3 milyard dollara ehtiyac olduğunu bildirib.

Sammitdə çıxış edən liderlər arasında Avropa Birliyinin başçısı Çarls Mişel gələcəkdə baş verəcək qlobal yoluxmaların qarşısını almaq və cavab tədbirləri görmək üçün ölkələrin pandemiya müqaviləsinə imza atmalarını təklif edib.

BMT-nin zirvə toplantısında Trump administrasiyasını ABŞ-ın səhiyyə naziri Alex Azarın təmsil edəcəyi gözlənilir.

ABŞ-da ümumi COVID-19 yoluxmalarının sayı 13.9 milyon təşkil edir. Ölənlərin sayı 273,746-a çatıb. Ölkədə 200,000 yeni yoluxma halı qeydə alınıb.

XS
SM
MD
LG