BMT Baş katibi Antonio Quterreş Rusiya Federasiyası, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri tərəfindən Moskvada elan edilən humanitar atəşkəsə dair razılaşmanı alqışlayıb. O həmçinin Rusiyaya vasitəçilik səylərinə görə minnətdarlığını bildirib. Bu barədə Baş katibin sözçüsü Stefan Ducarriçin açıqladığı bəyanatda bildirilir.
“Baş katib atəşkəsə riayət olunmasına və atəşkəs rejiminin spesifik parametrləri barədə tez bir zamanda razılığın əldə olunmasına çağırır” – deyə, bəyanatda qeyd edilir.
Bəyanatda həmçinin BMT Baş katibinin Ermənistan və Azərbaycanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlara başlamağa dair öhdəliklərini alqışladığı bildirilir.
“Baş katib beynəlxalq ictimaiyyəti atəşkəs razılaşmasını dəstəkləməyə və tərəfləri fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə təşviq etməyə davam etməyə çağırır”, bəyanatda bildirilir.
Bundan öncə ATƏT-in Minsk Qrupunun həmsədrləri açıqladıqları bəyanatda Azərbaycan və Ermənistanın humanitar atəşkəs haqda razılığa gəlməsini alqışlayıb və tərəfləri öz öhdəliklərinə tam əməl etməyə çağırıb.
Oktyabrın 10-da Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyan arasında Moskvada keçirilən görüşün sonunda yayılan bəyanata əsasən Azərbaycan və Ermənistan qüvvələri arasındakı təmas xəttində atəşkəs elan olunub.