Accessibility links

BMT baş katibi Azərbaycan ilə Ermənistan arasındakı gərginliyi dərin narahatlıqla izləyir


“BMT-nin baş katibi Azərbaycan və Ermənistan arasındakı mövcud gərginlyi dərin narahatlıqla izləyir.”

Bunu iyulun 20-də brifinq zamanı BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.

“BMT baş katibi Azərbaycan ilə Ermənistan arasındakı gərginliyi dərin narahatlıqla izləyir. O hər iki tərəfi maksimum təmkinli olmağa çağırır. Bu iki ölkə arasında genişmiqyaslı qarşıdurma fəlakət olar”, Dyujarrik vurğulayıb.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Son günlər Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb. Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

ATƏT Minsk Qrupunun həmsədrləri baş vermiş atəşkəs pozuntularını pisləyir

ATƏT Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) and Endryu Şofer (ABŞ) Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı 13 iyulda bəyanat yayıb.

Bəyanatda sərhəddə baş verən atəşkəsin pozulması nəticəsində həyat itkisi baş verdiyi və ağır artilleriyadan istifadə olunduğu vurğulanır.

Həmsədrlər toqquşmalarda ailə üzvlərini itirənlərə başsağlığı verərək kədərlərini ifadə ediblər.

"Minsk Qrupu həmsədrləri baş vermiş atəşkəs pozuntularını pisləyir və tərəfləri eskalasiyasnın qarşısını almaq üçün bütün mümkün tədbirlər görməyə, o cümlədən mövcud birbaşa kommunikasiya kanallarından istifadə etməyə çağırırlar," bəyanatda deyilir.

Həmsədrlər həmçinin tərəfləri tez bir zamanda danışıqları bərpa etməyə çağırıblar.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

XS
SM
MD
LG