BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan sərhədində döyüş hərəkətlərini təcili dayandırmağa və münaqişənin həllinə başlamağa çağırıb.
Bu barədə BMT baş katibin rəsmi nümayəndəsi Stefan Dujarrikin (Stephane Dujarric) bəyanatında deyilir.
“Baş katib döyüş hərəkətlərini təcili dayandırmağa, həmçinin bütün cəlb edilmiş tərəflərdən vəziyyətin deeskalasiyası üçün təcili addımlar atmağı çağırır," Dyujarrik vurğulayıb.
Onun sözlərinə görə baş katib həmçinin, hər iki tərəfi, təxribatçı ritorikadan çəkinməyə çağırır.
Təşkilat rəhbəri, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin “bu təhlükəli vəziyyətin həllində və uzun sürən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün yolların axtarılmasında” göstərdiyi səyləri tam dəstəklədiyini bildirib.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində (Bakıdan 440 kilometr qərb) iyulun 12-də və 13-də gərginlik davam edib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan bölmələrinin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.
Nazirlik bildirir ki, Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu həlak olub, 4 hərbi qulluqçu isə yaralanıb.
Müdafiə Nazirliyi cəbhədə Ermənistan hərbi obyektinin vurulmasının əks olunduğunu bildirdiyi video görüntülər yayıb.
Ermənistan mediası bu ölkənin Müdafiə Nazirliyinə istinadən bildirir ki, atışmalar zamanı 2 hərbçi həlak olub, 3 hərbi qulluqçu və 2 polis əməkdaşı yaralanıb.