Accessibility links

BMT Baş katibi Azərbaycan Xarici işlər naziri ilə görüşüb


BMT-nin Baş katibi Antonio Quterreş və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda görüş zamanı, 25 sentyabr, 2021.
BMT-nin Baş katibi Antonio Quterreş və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda görüş zamanı, 25 sentyabr, 2021.

BMT-nin Baş katibi Antonio Quterreş Nyu Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Bu barədə Baş katibin sözçüsünün açıqladığı bəyanatda bildirilir. Bəyanatda BMT-nin Baş katibinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq COVID-19 pandemiyasına cavab tədbirləri çərçivəsində diplomatik səylərini yüksək qiymətləndirdiyi bildirilir.

Bəyanata əsasən, görüş zamanı BMT ilə Azərbaycan arasında əməkdaşlıq ilə bağlı fikir mübadiləsi aparılıb, regionda vəziyyət, əməkdaşlığı və davamlı sülhü təşviq etmək səyləri müzakirə edilib.

“Baş katib BMT-nin Ermənistan və Azərbaycan arasında davam edən dialoq və sülh quruculuğu səylərini dəstəklədiyini vurğulayıb və BMT -nin münaqişədən zərər çəkmiş əhaliyə dəstək də daxil olmaqla, əlavə yardım göstərməyə hazır olduğunu bir daha təsdiqləyib” – deyə bəyanatda bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin BMT-nin Baş katibi Antonio Quterreş və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşü ilə bağlı yaydığı məlumatda tərəflərin “Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi apardığı” deyilir.

“Nazir Ceyhun Bayramov BMT baş katibinə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında normallaşdırılması imkanlarının yarandığı, habelə işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, Ermənistanın törətdiyi geniş miqyaslı dağıntılar, mina təhlükəsi barədə məlumat verdi” – deyə, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Nyu-York-da BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabrın 14-də başlayıb. Sessiya işini sentyabrın 27-də başa çatdırmalıdır.

XS
SM
MD
LG