Accessibility links

BMT baş katibi hərbi əməliyyatlara dərhal son qoymağa çağırır


BMT-nin baş katibi Antonio Quterreş Dağlıq Qarabağda hərbi əməliyyatların davam etdirilməsini qınayır və tərəfləri döyüşləri dərhal dayandırmağa çağırır. Bu barədə BMT baş katibinin sözçüsü Stefan Ducarriçin açıqladığı bəyanatda bildirilir.

Bəyanatda BMT baş katibinin beynəlxalq ictimaiyyət tərəfindən döyüşlərin dərhal dayandırılmasına dair dəfələrlə edilən çağırışlara baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında eskalasiyanın artmasını qınadığı deyilir.

“O, yaşayış məntəqələrinin hədəf alınması da daxil olmaqla hərbi əməliyyatların genişləndirilməsi barədə xəbərlərdən ciddi şəkildə narahatdır. O bütün tərəflərə beynəlxalq humanitar hüquq çərçivəsində mülki şəxslər və mülki infrastrukturu qorumaq haqda öhdəliklərini xatırladır” – deyə, bəyanatda bildirilir.

“BMT baş katibi münaqişənin hərbi həll yolu olmadığını vurğulayır və tərəfləri dərhal bütün hərbi əməliyyatları dayandırmağa çağırır”, bəyanatda qeyd edilir.

Bəyanatda həmçinin BMT baş katibinin döyüşlərə təcili olaraq son qoymaq və ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara qayıtmaq üçün bütün müvafiq regional və beynəlxalq oyunçulardan öz təsirlərini fəal şəkildə istifadə etməyə çağırdığı deyilir.

BMT-nin baş katibi Antonio Quterreş sentyabrın 28-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla video vasitəsilə ayrı-ayrılıqda keçirdiyi söhbət zamanı Dağlıq Qarabağda təmas xətti boyu davam edən hərbi əməliyyatlarla bağlı dərin narahatlığını ifadə edib.

Bu gün, oktyabrın 5-də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini təmsil edən ABŞ, Rusiya və Fransanın xarici işlər nazirləri açıqladıqları birgə bəyanatda Azərbaycan və Ermənistanı Dağlıq Qarabağda dərhal atəşkəsə çağırıb.

Bundan öncə ABŞ Dövlət katibinin müavini Stiven Biqun Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda apardığı telefon söhbəti zamanı Dağlıq Qarabağda hərbi əməliyyatların eskalasiyası ilə bağlı narahatlığını bildirib. Dövlət Departamentinin sözçüsü Morqan Ortaqusun açıqladığı bəyanatda Stiven Biqunun tərəfləri dərhal atəşkəs barədə razılıq əldə etməyə və münaqişənin davamlı həll yolunu tapmaq üçün Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqları davam etdirməyə çağırdığı bildirilir.

XS
SM
MD
LG