Accessibility links

BMT Baş katibinin sözçüsü Ermənistan və Azərbaycanı humanitar atəşkəsə əməl etməyə çağırıb


BMT Baş katibinin sözçüsü Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların davam etdirilməsi ilə bağlı narahatlığını bildirirərək, münaqişədə eskalasiyanın COVID-19 pandemiyası dövründə virusun yayılması üçün mühit yarada biləcəyini bildirib. Stefan Dujarrik BMT-də mətbuat üçün keçirilən brifinq zamanı tərəfləri humanitar atəşkəsə riayət etməyə çağırıb.

BMT sözçüsü Ümümdünya Səhiyyə Təşkilatına əsasən, hər iki ölkədə son zamanlarda COVID-19-a yoluxmalarda artımın müşahidə edildiyini qeyd edib.

“ÜST COVID-19-un sərhədləri və xətləri tanımadığını və hərbi qarşıdurmanın artmasının virusun yayılması üçün bir mühit yarada biləcəyini vurğulayıb”, deyə Stefan Dujarrik bildirib.

“Bu, Baş katibin qlobal atəşkəs çağırışına hörmət göstərilməsinin vacibliyinə dair bir aydın nümunədir, o əlavə edib.

BMT Baş katibinin sözçüsü bir daha tərəfləri humanitar atəşkəsə əməl etməyə və Minsk Qrupunun həmsədrləri ilə konstruktiv müzakirələr aparmağa çağırıb.

Stefan Dujarrik BMT-nin Ermənistan və Azərbaycandakı qruplarının hər iki ölkədə pandemiyanın təsirinə məruz qalan insanların həyatlarını xilas etmək üçün COVID-19 səylərini dəstəkləməyə davam etdiyini deyib. O, Ümümdünya Səhiyyə Təşkilatının “hərbi əməliyyatların davam etdirilməsi nəticəsində artan səhiyyə ehtiyaclarını təmin etmək üçün fəaliyyətlərini genişləndirdiyini” bildirib.

Bundan öncə BMT Baş katibi Antonio Quterreş oktyabrın 10-da Rusiya Federasiyası, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri tərəfindən Moskvada elan edilən humanitar atəşkəsə dair razılaşmanı alqışlayıb və Rusiyaya vasitəçilik səylərinə görə minnətdarlığını bildirib. Baş katibin sözçüsü Stefan Dujarrikin açıqladığı bəyanatda BMT Baş katibinin Ermənistan və Azərbaycanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlara başlamağa dair öhdəliklərini alqışladığı bildirilib.

Şərhlərə bax

XS
SM
MD
LG