BMT-nin insan hüquqları ekspertləri fevralın 1-də son Dağlıq Qarabağ münaqişəsi nəticəsində həbs edilən hərbçilər və əsirlərin dərhal azad edilməsinə və cəsədlərin ənənələrə uyğun şəkildə dəfn olunmaları üçün ailələrinə qaytarılmasına çağırıb.
"Münaqişə ilə əlaqəli səbəblərdən azadlığından məhrum olan hər kəs evinə qaytarılmalı və öldürülənlərin yaxınları 9 noyabr 2020-ci ildə imzalanan atəşkəs razılaşmasına uyğun olaraq, yaxınlarının qalıqlarını ala bilməlidirlər" - deyə, ekspertlər bildirib.
27 sentyabr 2020-ci ildə başlayan Dağlıq Qarabağ münaqişəsi həm hərbi, həm də mülki vətəndaşların əsir götürülməsi ilə nəticələnib. Bir çox insan hələ də hesaba alınmayıb.
"Hərbi məhbusların və digər şəxslərin məhkəmədənkənar qətli, zorla itkin düşməsi, işgəncə və digər pis rəftara məruz qalmalarına dair iddialar narahatlıq doğurur" , ekspertlər bildirib.
"Heç bir müstəsna vəziyyət - istər müharibə vəziyyəti, istər daxili siyasi qeyri-sabitlik, istərsə də başqa ictimai fövqəladə vəziyyət işgəncə və zorla yoxa çıxmağın səbəbi kimi göstərilə bilməz", çağırışda deyilib.
“Biz Ermənistan və Azərbaycan hakimiyyət orqanlarına müraciət edirik ki, münaqişə zamanı törədilən ciddi insan haqları pozuntuları və nəticələrindən bəhs edilən iddialarla bağlı hərtərəfli, operativ, müstəqil və qərəzsiz istintaq aparsın" - deyə, ekspertlər əlavə edib.