Accessibility links

BMT: Təhlükəsizliyə görə Hələbdən insanların təxliyyə edilməsi çətindir


BMT Hələbdə cümə günü planlaşdırılmış təxliyyə planını şəhərdə döyüşən tərəflər qarantiyalar vermədiyinə görə təxirə salmağa məcbur olduğunu bildirib.

“Xəstələr və yaralıların bu səhər planlaşdırıldığı kimi evakuasiyası lazımi şərait olmadığına görə təəssüf ki başlamayıb”-deyə BMT-nin humanitar ofisinin sözçüsü Cens Laerke bildirib.

Laerke bundan bir gün əvvəl Rusiyanın tələb etdiyi humanitar fasiləyə hansı qruplar tərəfindən əməl edilmədiyi haqda bir söz deməyib. O bildirib ki, BMT və Hələbdəki insanlar olduqca çətin vəziyyətdədirlər.

Rusiya cümə axşamı günü Hələbdə humanitar fasilənin daha 24 saat müddətinə uzadılmasını tələb edib.

Suriya və Rusiya Hələbin bombardmanını çərşənbə axşamı günü dayandırıb. Döyüşlərdə vasilə isə yerli vaxtla cümə axşamı axşam saat 7-yə qədər davam etməli idi.

Xəstələr və yaralıların bu səhər planlaşdırıldığı kimi evakuasiyası lazımi şərait olmadığına görə təəssüf ki başlamayıb
Cens Laerke

Atəşkəsin bir hissəsi olaraq Suriya ordusu mülki əhalinin şəhərdən təhlükəsiz çıxışını təmin etmək üçün səkkiz dəhliz açıb. Bu dəhlizlərdən ikisi tərksilah olub şəhəri tərk etmək istəyən üsyançı döyüşçülər üçün nəzərdə tutulub. Dəhlizlərdən biri Türkiyəyə, digəri isə üsyançıların nəzarətində olan İdlib vilayətinə aparır.

BMT Hələbin şərq hissəsində 250 min mülki vətəndaşın həyat əhəmiyyətli təchizata, yüzlərlə insanın isə tibbi müalicəyə ehtiyacı olduğunu və təxliyyə edilməli olduğunu bildirib.

BMT və Qırmızı Xaç cəmiyyətinin təchizatla dolu yük maşınları yüklərin təhlükəsiz şəraitdə çatdırılmasına qarantiyaların verilməsini gözləyərək həftələrdir Türkiyə sərhəddində durub.

Suriya və Rusiyanın hərbi təyyarələri Hələbin nəzarətinin üsyançılardan alınmasına cəhd göstərərək, ərazidə bombardmanlar həyata keçirib.

XS
SM
MD
LG