Accessibility links

BMT: Humanitar yardım işçiləri görünməmiş zorakılıqlarla üzləşir


Birləşmiş Millətlər Təşkilatı humanitar işçilərin böhran vəziyyətlərdə olan milyonlarla mülki şəxsin həyatını qurtarmaq üçün öz həyatlarını təhlükə altına qoyaraq, görünməmiş səviyyədə zorakılıqlarla üzləşdiklərini bildirir. Bu il Ümumdünya Humanitar Yardım Günü minlərlə real həyat qəhrəmanlarına hörmət və ehtiram bildirilir.

Ümumdünya Humanitar Yardım Günü 2003-cü ildə 19 avqust tarixində BMT-nin Bağdad bölgəsində baş verən terror hücumundan sonra yaradılıb. Hücum zamanı baş katibin İraq üzrə xüsusi nümayəndəsi Serjio Vieyro de Mello da daxil olmaqla 22 nəfər öldürülmüşdü.

O vaxtdan bəri 5000-ə yaxın yardım işçisi öldürülmüş, yaralanmış və ya qaçırılmışdır. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin sözçüsü Yens Laerke Amerikanın Səsinə bildirib ki, humanitar işçilər 2019-cu ildə dünyanın münaqişə bölgələrində rekord sayda hücuma məruz qalıb.

“Keçən il ümumilikdə 483 humanitar yardım işçisi hücumlar zamanı hədəf olub; onlardan 125 nəfəri vəzifəsini yerinə yetirərkən öldürülüb və eyni sayda adam qaçırılıb, daha çox adam isə yaralanıb" - deyə, o qeyd edib.

BMT bildirir ki, hücumların çoxu Suriyada, bunun ardınca Cənubi Sudan, Konqo Demokratik Respublikası, Əfqanıstan və Mərkəzi Afrika Respublikasında baş verib. Laerke bildirir ki, hər dəfə humanitar işçilər hədəf alınanda bu, onların yardım etməyə çalışdığı əhaliyə öz təsirini göstərir.

"Cəbhə bölgəsində humanitar işçilərin böyük əksəriyyəti - günün həqiqi qəhrəmanları adlandırdığımız yardım işçiləri işlədikləri ölkənin vətəndaşlarıdır", Laerke bildirib. "Çox vaxt onlar kömək etdikləri icmaların üzvləridir. Bəziləri qaçqın və ya olduqları yerlərdə yaşayan icmalara kömək edir. Digərləri isə xidmətlərini pulsuz təklif edən yerli həkimlər və tibb bacılarıdır", o əlavə edib.

XS
SM
MD
LG