Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Venesuela hökumətini dinc nümayişlərdə iştirak etdiklərinə görə həbsdə olan dissidentləri azad etməyə çağırır.
Bu çağırış onun Venesuelaya etdiyi üç günlük səfərin sonuncu günü səsləndirilib. Səfər zamanı Baçelet prezident Nikolas Maduro və müxalifət lideri Xuan Quaydo ilə görüşüb.
Ölkəni tərk etməkdən öncə Karakasda keçirilən mətbuat konfransında Baçeket hökumətə üzünü tutaraq, öz hüquqlarını dinc yolla ifadə etdiklərinə görə azalıqdan məhrum edilən hər kəsin sərbəst buraxılmalı olduğunu bildirib.
İnsan hüquqları fəalları siyasi səbəblərə görə həbsdə olan 700-dən çox insanın adından Baçeletə müraciətlər ünvanlayıblar. Maduro həmin şəxslərin həbsinin siyasi səbəblərlə olduğunu inkar edir.