Accessibility links

BMT-nin qlobal iqlim sammiti - Bayden Çin və Rusiyanı iqlim öhdəlikləri ilə bağlı tənqid edib


BMT-nin qlobal iqlim sammiti - Bayden Çin və Rusiyanı iqlim öhdəlikləri ilə bağlı tənqid edib
please wait

No media source currently available

0:00 0:03:40 0:00

Bu həftə Şotlandiyada Qlazqoda BMT-nin İqlim Sammitində dünyanın 100-dən çox ölkəsinin lideri qlobal iqlim böhranının qarşısının alınması ilə bağlı öhdəliklər qəbul edib. ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların iqlim dəyişikliyi ilə bağlı iddialı öhdəliklərini açıqlayıb. Amerika lideri həmçinin Rusiya və Çini iqlim sammitində iştirak etmədiklərinə görə tənqid edib.

Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Konfransında dünyanın 100-dən çox ölkəsinin lideri 2030-cu ilə qədər 20 milyard dollara yaxın dövlət və özəl maliyyə dəstəyi ilə meşələrin qırılmasının dayandırılması və 200 milyon hektar meşə və digər ekosistemlərin bərpası ilə bağlı öhdəlik qəbul edib.

Braziliya prezidenti Jair Bolsonaro konfransa video bağlantı vasitəsilə qoşulub.

“Biz 2030-cu ilə qədər meşələrin qeyri-qanuni qırılmasına son qoymaqda qərarlıyıq. Mən hər bir ölkəni bütün meşələrin, o cümlədən hamının rifahı üçün müvafiq resursların qorunmasına kömək etməyə çağırıram” - deyə, Jair Bolsonaro bildirib.

Neft, qaz və kömür kimi sənaye sahələrindən metan emissiyalarının da azaldılması nəzərdə tutulur. Liderlər ABŞ və Avropa İttifaqı tərəfindən irəli sürülən təşəbbüs olan metanla bağlı qlobal vədə uyğun olaraq, 2030-cu ilə qədər emissiyaları 30 faiz azaltmağa söz veriblər.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen: “Metan emissiyalarının azaldılması qısa müddətdə qlobal istiləşmənin qarşısını almaq və 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq üçün bizim edə biləcəyimiz ən təsirli işlərdən biridir. Bu, ən ilkin işdir”.

Konqresdə iqlim qanunvericiliyinin perspektivləri qeyri-müəyyən olduğu vaxt ABŞ prezidenti Co Bayden meşələrin qırılması və metan öhdəliyini dəstəkləmək üçün bir sıra daxili təşəbbüsləri açıqlayıb. O, Çin və Rusiyanı öhdəliklərini yerinə yetirmədiklərinə görə tənqid edib.

“Çin anlaşılan şəkildə dünya lideri kimi yeni bir rol nümayiş etdirməyə çalışsa da, buraya gəlmir? Bütün dünyanın diqqətini çəkən yeganə şey iqlimdir. Hər yerdə. İslandiyadan tutmuş Avstraliyaya qədər bu, böyük problemdir. Onlar isə uzaqlaşdılar. Bunu necə edib lider ola biləcəyinizi iddia edə bilirsiniz? Putin və Rusiya da eyni ilə”, ABŞ prezidenti bildirib.

Çin və Rusiya bu ittihamı rədd edir və bu gün atmosferdəki istixanə qazları tullantılarının böyük hissəsinə görə məsuliyyət daşıdıqları üçün sənayeləşmiş Qərb ölkələrinin daha çox iş görməli olduğunu bildirir.

Hər iki ölkə emissiyaları sıfır səviyyəsinə endirməyi qlobal hədəfdən on il sonra, 2060-cı ilə qədər qarşıya məqsəd qoyub. Lakin onlar meşələrin qırılmasına son qoyulmasına dair öhdəlik götürüb.

“Biz onları (meşələri) qorumaq üçün ən qəti və güclü tədbirlər görürük. Biz meşə idarəçiliyini təkmilləşdirir, ağacların qeyri-qanuni kəsilməsi və meşə yanğınları ilə mübarizə aparırıq. Meşələrin bərpası sahələrini genişləndiririk. Biz bu məqsədlər üçün maliyyəni daim artırırıq”, Rusiya prezidenti Vladimir Putin bildirib.

İqlim fəalları bu öhdəlikləri alqışlasa da, lakin hələ də skeptik münasibət bəsləyir.

“Bu öhdəliklərin bir çoxunda problem budur ki, hesabatlılıq boşluğu var. Hökumətlər 2014-cü ildə Meşələr haqqında Nyu-York Bəyannaməsi kimi oxşar vədlər verdilər, lakin onlar gözlənilən irəliləyişə gətirib çıxarmadı", Global Witness qrupunun nümayəndəsi Co Blakman bildirib.

İqlim konfransında danışıqlar noyabrın 12-dək davam edəcək. Lakin kömürdən asılılığa son qoyulması kimi əsas təklifin qəbul olunmasına nail olunmadı. Keçən həftə Romada keçirilən Böyük 20-lərin sammitində dünyanın iqtisadiyyatı inkişaf etmiş 20 ölkəsinin liderləri istixanə emissiyalarının 70 faizdən çoxunu təşkil edən bu çirkli enerji mənbəyinin nə vaxt ləğv ediləcəyi barədə razılığa gələ bilməyib.

XS
SM
MD
LG