Birləşmiş Millətlər Təşkilatı dünya boyu insanların koronavirus pandemiyası ilə mübarizə apardığı bir vaxt hökümətləri psixi sağlamlıq xidmətlərinə diqqət ayırmağa çağırır.
Psixi sağlamlıq xidmətlərinə onillər boyu laqeyd yanaşılıb və çox az sərmayə qoyulub. İndi isə COVID-19 pandemiyası ailələr və icmalara əlavə əqli stress yaşadır. Bunu BMT-nin baş katibi Antonio Quterreş cümə axşamı bildirib.
O deyib ki, riskə ən çox gənc və yaşlı tibb işçiləri, mövcud sağlamlıq problemləri olanlar və ya münaqişə və böhranla mübarizə aparanlar açıqdır.
Birləşmiş Millətlər Təşkilatı hər yerdə hər kəsin psixoloji dəstəyə çıxış imkanının olduğu bir dünya yaratmaq qətiyyətindədir. “Mən hökümətləri, vətəndaş cəmiyyətlərini, səhiyyə rəsmilərini və digərlərini bu pandemiyanın psixi sağlamlıq tərəfinə diqqət yetirməyə çağırıram,” o söyləyib.
BMT sədri bunları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyədək 4.3 milyon insana yoluxan və 300 minə yaxın insanın ölümünə səbəb olan virusun İİV kimi pandemiyaya çevrilə biləcəyini bildirməsindən sonra söyləyib.
ÜST-nın fövqəladə hallar üzrə direktoru Mayk Rayan Cenevrədə virtual konfrans zamanı deyib ki, vaksin tapılsa belə, virus bəzi icmalarda qala bilər.
“İİV aradan qaldırılmayıb, amma biz onu artıq qəbul etmişik,” o deyib.
Dünya boyu 100-də yaxın təşkilat koronavirus vaksininin inkişafı üzərində çalışır. Lakin Rayan deyir ki, əgər onlar işləyən vaksin tapsalar belə, virusun qarşısını almaq üçün “böyük səy” tələb olunacaq.
Bəzi ölkələr karantin rejimlərini artıq yüngülləşdirir, çünki pandemiyanın böyük iqtisadi təsirləri olub.
BMT-nin hesabatında dünya iqtisadiyyatının bu il 3 faizdən çox geriləcəyi gözlənildiyi bildirilir. Bu ilin yanvar ayında BMT 2.5 faizlik artımın olacağını təxmin edirdi.
Yeni Zelandiyada cümə axşamı heç bir yeni yoluxma halı qeydə alınmayıb. Ölkədə mağaza və restoranların yenidən açılmasına icazə verilib. Bu, ölkədə bir ay boyu davam edən sərt karantin rejiminin tədircən yüngülləşdirilməsinin bir hissəsidir. Ölkədə insanlar hələ də sosial məsafə qaydalarına riayət etməlidirlər.
Birləşmiş Ştatlarda yoluxu xəstəliklər üzrə baş ekspert Dr. Antoni Fauçi ictimaiyyətə və ölkə liderlərinə xəbərdarlıq edib ki, ölkəni vaxtından əvvəl açmaq ikinci yoluxma dalğasına səbəb olacaq və onu nəzarət altına almaq çox çətin olacaq.
Lakin prezident Donald Tramp çərşənbə günü deyib ki, insanlar bizneslər və məktəblər daxil olmaqla, ölkənin yenidən açılmasını istəyirlər.
“Biz ölkəni açmalıyıq. Biz bunu təhlükəsiz, amma sürətli bir şəkildə etmək istəyirik. Biz belə davam edə bilmərik”, Tramp bildirib.