Accessibility links

BMT ABŞ-ın təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı zorakılıqlarını qınayır


BMT-nin İnsan Haqları Bürosu ABŞ-ın Portland və digər şəhərlərində federal və yerli təhlükəsizlik qüvvələrinin dinc etirazçılara qarşı lazımsız və həddindən artıq güc tətbiq etməsini tənqid edib.

BMT İnsan Haqları Bürosunun rəsmiləri təhlükəsizlik qüvvələrinin Portland şəhərində irqçiliyə qarşı etiraz edən nümayişçilərə qarşı zorakılığına görə narahatlıqlarını bildirib.

Onlar deyib ki, insanların dinc şəkildə etiraz etmək hüququ var və gərəksiz, qeyri-mütənasib və ayrıseçkiliyə əsaslanan gücdən istifadəyə məruz qalmamalıdırlar.

BMT-nin insan haqları sözçüsü Liz Trossel deyib ki, etirazçılar və etirazları işıqladıran jurnalistlər həbs olunma, saxlanılma və ya başqa insan haqlarının pozulması təhülkəsinə məruz qalmamalıdırlar.

"Dinc nümayişçilərin naməlum polis məmurları tərəfindən həbs edildiklərinə dair məlumatlar yayılıb və bu narahatlıq doğurur, çünki bu, saxlanılanların qanun tərəfindən qorunmamasına və özbaşına həbslər və başqa insan haqları pozuntularının artmasına gətirib çıxara bilər," deyə, Trossel bildirib.

Oreqon ştatının Portland şəhərində etiraz aksiyaları Minneapolis şəhərində polis nəzarətində olarkən afrikalı-amerikalı Corc Floydun öldürülməsindən sonra başlayıb. Nümayişlər əsasən dinc xarakter daşıyırdı, lakin son vaxtlar talan, yanğınlar və əmlaka ziyan vurmaqla davam edir.

XS
SM
MD
LG