Accessibility links

BMT: Suriya münaqişəsində mülki əhali arasında ölüm halları artır


BMT müşahidəçiləri Suriyanın şimalı və şimal-şərqində çox sayda mülki şəxsin öldüyü və yaralandığı, minlərlə insanın isə zorakılıqlar və insan hüquqları pozuntularının artması nəticəsində öz yerlərini tərk etdiyini bildirir.

Son beş gün ərzində iki ayrı-ayrı döyüş nəticəsində 92 nəfər həlak olub. BMT-nin insan hüquqları ofisi ən çox ölüm hallarının Suriyanın şimal-şərqində hazırda Türkiyə hərbi qüvvələrinin əməliyyat apardığı kürdlərin nəzarətində olan ərazidə baş verdyi haqda məlumat verib.

Azı 49 nəfərin hava hücumları, quruda hücumlar və qətllərin qurbanı olduğu bildirilir. Hücumlar Türkiyənin dəstəklədiyi silahlı qruplar və kürdlərin silahlı birləşmələri tərəfindən həyata keçirilib. Daha 31 nəfərin isə əhalinin sıx olduğu yerlərdə yol kənarında yerləşdirilmiş bomba partlayışları nəticəsində öldüyü bildirilir. Bombaların Türkiyənin hərbi əməliyyatlarına qarşı olan qruplar tərəfindən yerləşdirildiyinə inanılır.

BMT-nin insan hüquqları komissarının sözçüsü Ruper Kolvillin bildirdiyinə görə, bu silahlardan nizamsız istifadə beynəlxalq humanitar qanunun pozulmasıdır.

Kolvill zorakılıqların həm Türkiyə silahlı qüvvələri, həm də kürdlərin hərbi qrupları tərəfindən törədildiyini deyib. O, Suriyanın şimal-qərbindən danışaraq, hava hücumlarının İdlib ərazisində artdığını bildirib.

Kollvill xəstəxanalar və səhiyyə obyektlərinin yenidən hücumların hədəfinə çevrildiyini deyib. Onun bildirdiyinə görə, Suriya hökuməti və onun müttəfiqi olan Rusiya qüvvələri tibbi obyektlərə zərər vurub. O, Amerikanın Səsinə bu hücumların qəsdən edilib-edilmədiyinin aydın olmadığını bildirib.

Kolvill müharibə aparan tərəflərin xəstəxanalar, tibb obyektlər və personalın bütün şəraitlərdə qorunmasını təmin etməli olduğunu deyib. O əlavə edib ki, bütün tərəflər mülki əhalinin qorunmasına dair beynəlxalq hüquqa riayət etməlidir.

Şərhlərə bax

XS
SM
MD
LG