Accessibility links

BMT Suriyada humanitar fəlakət barədə xəbərdarlıq edir


Didərgin düşmüş suriyalı qadın və uşaqlar
Didərgin düşmüş suriyalı qadın və uşaqlar

Birləşmiş Millətlər Təşkilatının idarələri xəbərdarlıq edir ki, Suriyanın şimalında humanitar fəlakət baş verə bilər və əgər zorakılıqlara son qoyulmasa daha çox mülki vətəndaş öləcək və ya xəsarət alacaq, infrastruktu isə dağılacaq.

BMT İdlibin cənubu və şərqində habelə Hələbin qərbi və cənubunda döyüşlərin kəskin artması ilə bağlı narahatlığını ifadə edib. BMT bildirib ki, hava hücumları və yer üzərindən raket hücumları mülki vətəndaşlara məhəl qoymadan həyata keçirilir.

BMT-nin insan haqları idarəsi bildirib ki, onlarla mülki vətəndaş öldürülür və yaralanır, yüz minlərlə insan didərgin düşür. İdarə bu ayın ilk beş günü ərzində azı 49 mülki vətəndaşın, o cümlədən 14 qadın və 17 uşağın öldürüldüyünü təsdiqləyib, bundan əlavə isə bu ay azı 186 mülki vətəndaşın öldürüldüyünü bildirib.

İdarənin sözçüsü Marta Hurtado deyib ki, zorakılıqların bədəlini mülki vətəndaşlar tərəfidnən ödənilməsi sarsıdıcıdır. O, Amerikanın Səsinə bildirib ki, münaqişədəki bütün tərəflər mülki vətəndaşlara hücum edir.

"Son zorakılıqların bir sarsıdıcı tərəfi odur ki, vətəndaşlar qaçarkən belə hədəf alınırlar. Bir neçə dəfə qaldıqları yerdən qaçmağa məcbur olan insanlar var. Onlar zorakılıqdan qaçarkən hücumlara məruz qalıb. Biz onların bəzi hallarda qəsdən hədəf alındıqlarını təsdiq etmişik”, Hurdato deyib.

BMT bildirib ki, mülki vətəndşalar arasında ölüm və yaralamalara ən çox Suriya və Rusiya qüvvələrinin həyata keçiridiyi hava hücumları səbəb olub. Suriya və rusiyalı müttəfiqi İdlibin nəzarətini üsyançılardan geri almaq üçün doqquz ay öncə hərbi hücum başladıb.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası idarəsinin sözçüsü Yens Laerke deyir ki, ərazidə 3 milyon mülki vətəndaş ilişib qalıb və oradan qaçan insanların gedəcək yerləri yoxdur.

İdlibdə dekabrın 1-dən bəri aparılan hərbi əməliyyat 586 min insanı, xüsusilə qadın və uşaqları, təhlükəsizlik axtarışında ərazidən qaçmağa vadar edib”, Laerke deyib.

Laerke xəbərdarlıq edir ki, regionda əlavə 280 min insan hərbi əməliyyat davam etdiyi təqdirdə qaçılmaz təhlükə ilə üzləşəcək. O deyib ki, BMT-nin humanitar agentlikləri fəlakətin daha da pisləşməsinin və daha çox insanın ölməsinin qarşısını almaq üçün zorakılıqların dərhal dayandırılmasına çağırır.

XS
SM
MD
LG