Accessibility links

BMT təhqiqatçıları Yəməndə bütün tərəfləri mümkün müharibə cinayətlərində günahlandırır


BMT təhqiqatçıları Yəmən, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Yəmənin Huti üsyançılarını işgəncə və məcburi yoxa çıxma da daxil olmaqla hərbi cinayətləri hesab edilə biləcək hücumlar və çirkin əməllər törətməkdə ittiham edib. Yəmən üzrə ekspert qrupunun 41 səhifəlik hesabatı 2014-cü il sentyabr ayından 2018-ci ilin iyun ayınadək olan müddəti əhatə edir.

Birləşmiş Millətlər Təşkilatının hesabatına görə son üç il yarım ərzində 6 min 6 yüz dinc sakin öldürülüb və təxminən 10 min 6 yüz nəfər yaralanıb.

Hesabat 2015-ci ilin mart ayından etibarən mülki şəxslərin müharibədə iştirak edən tərəflərin əlində çəkdiyi əziyyətlərin təsvirini verir. Bu, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmən hökumətini dəstəkləmək üçün müharibəyə müdaxilə etdiyi dövr idi.

Hesabat dinc sakinlər arasında tələfatların çoxuna görə koalisiyanın hava hücumlarını günahlandırır. BMT-nin hesabatına görə, son üç il yarım ərzində 6600 dinc sakin öldürülüb və təxminən 10 min 600 nəfər yaralanıb.

BMT-nin eksperti Çarlz Qarravey deyir ki, Yəmən hökuməti Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin daxil olduğu koalisiyanın üzvləri fərqlilik, mütənasiblik və ehtiyat prinsiplərini pozaraq, müharibə cinayətləri kimi səciyyələnə biləcək hücumlar həyata keçiriblər.

Huti üsyançıları
Huti üsyançıları

O bildirib ki, buraya "qəddar rəftar və işgəncə, o cümlədən, 15 yaşına çatmamış uşaqlara qarşı təcavüz, onların müharibəyə məcburən cəlb edilməsi və onlardan döyüşlərdə aktiv iştirak etmək üçün istifadə edilməsi" kimi hallar aid edilə bilər.

Qarravey Ekspertlər Qrupunun Huti üsyançılarının törətdikləri oxşar cinayətləri sənədləşdirdiyini söyləyib. O bildirib ki, bütün ölkə boyu məhkəməsiz həbslər, pis rəftar və bəzi yerlərdə işgəncə halları geniş yayılıb. Onun sözlərinə görə, cinsi zorakılıq və təcavüz hallarının miqyası dəhşətli səviyyədədir və araşdırılmalıdır.

Qarravey deyib ki, uşaqlar daha həssas vəziyyətdədir. Onun sözlərinə əsasən, zorakılıq və təhlükəli şərait, eləcə də yoxsulluq onları müdafiəsiz qoyur və münaqişənin iştirakçıları tərəfindən onların istismarı və sui-istifadəsinə" yol açır.

Ekspertlər qrupu bildirir ki, onlar hesabat üçün qarşı tərəfdən heç bir cavab almayıb. Reuters xəbər agentliyi xəbər verir ki, Səudiyyə Ərəbistanının başçılığı altında olan koalisiya sənədi araşdırılması üçün hüquqşünaslardan ibarət qrupa təqdim edib.

Təhqiqatçılar beynəlxalq cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin gizli siyahısını hazırladıqlarını bildirib. Bu siyahı BMT-nin insan hüquqları üzrə yüksək komissarına təqdim edilib.

XS
SM
MD
LG