Accessibility links

BMT: Xarici oyunçular Suriya münaqişəsini alovlandırır


BMT təhqiqatçıları Suriyada hökm sürən və ölkədə on ildir davam edən münaqişəyə davamlı sülh yolu tapmaq səylərinə əngəl törədən cəzasızlığa son qoymaq üçün daha böyük beynəlxalq tədbirlərin görülməsinə çağırır. Suriya üzrə Müstəqil Beynəlxalq İstintaq Komissiyası ən son hesabatını BMT İnsan Haqları Şurasına təqdim edib.

Ötən il üsyançıların ən son istinadgahı olan Suriyanın şimal-qərb İdlib vilayətində Rusiya və Türkiyənin vasitəçiliyi ilə əldə olunan atəşkəs zorakılıqların əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb. Lakin komissiyanın sədri Paulo Pinero deyir ki, Suriya hələ də təhlükəli ərazi olaraq qalır. O deyir ki, atəşəs milyonlarla vətəndaşın həyatında hər hansı böyük dəyişikliklərə səbəb olmayıb.

“Hazırda altı milyondan çox suriyalı mülki vətəndaş, o cümlədən 2.5 milyon uşaq ölkə daxilində didərgin düşüb və onların əsas ehtiyaclara çıxışları yoxdur, onlar dağılmış şəhərlərdə silahlı şəxslərin zorakılıqlarına məruz qalırlar və həbs, işgəncə və ölüm qorxusu içində yaşayırlar," Pinero deyib.

Komissiya hesabaında Suriya hökumətini genişmiqyaslı ixtiyari həbslərdə, işgəncə də və həbsdə olan məhbusları edam etməkdə ittiham edir. Komissiya bildirir ki, bu qanun pozuntuları həm müharibə cinayətləri həm də insanlığa qarşı cinayətə bərəbərdir.

Hesabatda qeyd olunur ki, münaqişənin digər tərəfləri, o cümlədən suriyalı Həyat Təhrir Əl-Şam terror təşkilatı və İslam Dövləti qrupunun militantları da öz həbsxanalarında bənzər müharibə cinayətləri törədiblər.

Pinero deyib ki, BMT-nin üzv ölkələrinin illər boyu məsələyə müdaxiləsi münaqişəni daha da alovlandırıb və ölkənin onsuzda dəhşətli iqtisadi vəziyyətini kəskin şəkildə pisləşdirib. O qeyd edib ki, milyonlarla insanın hələ də əsas humanitar yardımlara, o cümlədən ərzaq, su, səhiyyə xidməti və təhsilə çıxışları yoxdur.

“Suriyada tərəflərin münaqişəyə hərbi həll yolları on il davam edən ölümlər, inkar və dağıntılara səbəb olub. Müharibə edən tərəflərə axan fürsətçi xarici maliyyə, silahlar və başqa yardımlar bu yanğını daha da alovlandırdı, dünya isə bunu izləməyə razı oldu,” Pinero deyib.

Hesabata münasibət bildirən Suriyanın BMT-dəki səfiri Hussam Edin Aala onun son 10 ildəki digər hesabatlar kimi dezinformasiya ilə dolu olduğunu bildirib. O deyib ki, onun hökuməti on ildir suriyalıları terrorçu qruplardan qorumaq üçün mübarizə aparır. Komissiya isə bu iddianı rədd etməyə davam edir.

O həmçinin hesabatı qərəzli adlandırıb və deyib ki, Suriya hökuməti ona qarşı irəli sürülən ittihamları rədd edir. O bildirib ki, Suriyanın bir çox hissəsində təhlükəsizlik yenidən təmin olunub, bərpa işləri başlayıb, didərgin düşən insanlar isə evlərinə geri dönməyə başlayıb.

XS
SM
MD
LG