Accessibility links

BMT ekspertləri hökuməti Xədicə İsmayılovanın səyahət qadağasını götürməyə çağırır


Xədicə İsmayıl
Xədicə İsmayıl

Azərbaycan hökuməti araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı səyahət qadağasını aradan qaldırılmalı, ölkədə medianın müstəqilliyini gücləndirməlidir.

Bu barədə BMT-nin insan haqları ekspertlərinin dekabrın 5-də yaydığı birgə bəyanatda deyilir.

Bəyanat BMT-nin fikir və ifadə azadlığının qorunması üzrə xüsusi məruzəçisi David Kaye və hüquq müdafiəçilərinin durumu üzrə xüsusi məruzəçisi Mişel Forstun adından yayılıb.

Sənəddə deyilir ki, İsmayılovaya araşdırmasına görə mükafat verilib, ancaq jurnalist onu almaq üçün dekabrda İsveçdə keçiriləcək tədbirə gedə bilmir.

“Bu qadağa jurnalistin ifadə azadlığını boğur, çünki məqsəd onun xaricə səyahət edərək insan haqlarından danışmasını əngəlləməkdir. Hakimiyyəti qadağanı aradan qaldırmağa, jurnalistikanı saxta bəhanələrlə məhdudlaşdırmamağa çağırırıq”, bəyanatda vurğulanır.

Jurnalist səyahət qadağasının aradan qaldırılmasından ötrü bir neçə dəfə məhkəmələrə müraciət etsə də, buna nail olmayıb.

BMT-nin ekspertləri araşdırmaçı jurnalistin bank hesabının dondurulmasından da narahatlıqlarını bildirib.

“Xədicə İsmayılovaya qarşı hakimiyyətin tədbirləri hüquq çərçivəsini aşır. Bu, jurnalistin fərdi işinə və ölkədə müstəqil jurnalistikaya ziddir”, ekspertlər bildirir.

Öz növbəsində, hakimiyyət təmsilçiləri ölkədə bütün təməl hüquq və azadlıqların tam qorunduğunu bildirirlər.

Xatırlatma

Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası verilib.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Jurnalist bütün ittihamları rədd edib, korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edib.

Xədicə İsmayılova Ali Məhkəmənin qərarı ilə 2016-cı il mayın 25-də həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib.

Ali Məhkəmə ona ittiham olunduğu iki maddə üzrə 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib.

Məhkəmə jurnalistə ittiham olunduğu digər iki maddə 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verib. Daha sonra 70-ci maddəni tətbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib.

Xədicə İsmayılova son illər bir neçə nüfuzlu mükafatlara layiq görülüb.

O, dünyada azadlıq mesajını yayan jurnalist və fəal kimi 2016-cı il YUNESKO-nun Cuillermo Cani Dünya Mətbuat Azadlığı Mükafatına layıq görülüb.

XS
SM
MD
LG