Accessibility links

BMT-nin məruzəçisi: Azərbaycan Avropa Oyunlarının sahibi kimi hüquq müdafiəçilərini azad etməlidir


BMT-nin hüquq müdafiəçilərinin vəziyyətinə dair məsələ üzrə xüsusi məruzəçisi Mişel Forst “Azərbaycanda tanınmış hüquq müdafiəçilərinə qarşı amansız təqiblər və repressiyaları” tənqid edib və hökuməti 12 iyuna - Avropa Oyunları başlayana qədər onları dərhal azadlığa buraxmağa çağırıb.

“Hakimiyyət hüquq müdafiəçilərinə qarşı təqibləri və onların həbsini artırıb, onların ölkədən çıxışına qadağa qoyub, bank hesablarını dondurub”, Frostun bəyanatında deyilir. Bu barədə BMT-nin saytında məlumat yayılıb.

“Bütün bu hərəkətlər uydurma və ya dövlətə xəyanət, vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə kimi siyasi motivli ittihamlarla həyata keçirilir”, Forst vurğulayıb.

“Nəticədə azərbaycanlı hüquq müdafiəçilərinin əksəriyyəti məhkəməyə qədər uzunmüddətli həbsə məruz qalıb, azadlıqdan məhrum edilib”.

BMT eksperti İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Bəşir Süleymanlı, Elnur Məmmədov, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus, Rəsul Cəfərovun işlərini xatırladıb.

Onlar korrupsiyanı, insan hüquqlarının pozulmasını və seçkilərin saxtalaşdırılmasını ifşa etdiklərinə görə “günahkardırlar”.

“Hakimiyyətin ifadə, toplaşma azadlığını durmadan pozmaq, demokratiya üçün məkanı məhdudlaşdırmaq səyləri dərin narahatlıq doğurur”, Forst qeyd edib.

“Azərbaycan hökuməti Avropa Oyunlarının sahibi kimi azadlıq ideallarına sadiq olduğunu nümayiş etdirməli, hüquq müdafiəçilərini azad etməlidir”, məruzəçi vurğulayıb.

“Mən həmçinin idmançıları, idman həvəskarlarını və Oyunların tərəfdarlarını azərbaycanlı hüquq müdafiəçiləri ilə həmrəy olmağa, onların dərhal azadlığa buraxılması barədə çağırışlara qoşulmağa səsləyirəm”, o bildirib.

M.Forstun Azərbaycan hökumətinə müraciətini dinc toplaşma və assosiasiya məsələsi üzrə xüsusi məruzəçi Mayn Kiai və ifadə azadlığı hüququnun müdafiəsi məsələsi üzrə xüsusi məruzəçi Devid Key təqdir ediblər.

Xatırladaq ki, Mişel Forst (Fransa) 2014-cü ilin iyununda BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi təyin edilib.

Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun Azərbaycanla bağlı açıqlamasına münasibət bildirərkən deyib ki, onun idmanı siyasiləşdirmək cəhdi Olimpiya xartiyasının məqsəd və məramlarına ziddir.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan həmişə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və xüsusi prosedurlar üzrə mandat daşıyıcıları ilə onların mandatları çərçivəsində tam və konstruktiv əməkdaşlıq edib. Bu baxımdan, həmin əməkdaşlığın ruhuna xələl gətirən belə bir bəyanatın verilməsi anlaşılan deyil və Avropa Oyunları ərəfəsində bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın sifarişli tərkib hissəsidir.

BMT sənədlərində də qeyd olunduğu kimi, idman xalqları birləşdirməyə xidmət etməli və siyasətdən kənar olmalı olduğu halda, Mişel Forst tərəfindən idmanın siyasiləşdirilməsi cəhdi Olimpiya xartiyasının məqsəd və məramları ilə ziddiyyət təşkil edir.

Bu bəyanat Azərbaycan məhkəmə-hüquq sisteminə kölgə salaraq istinad edilən istintaq işlərinin mahiyyətini təhrif edir. Konkret cinayət əməlləri üzrə ittiham olunmuş şəxslərin azad edilməsinə çağırış hüquqi baxımdan əsassızdır və qanunun aliliyinin pozulmasıdır.

Mətbuat xidmətinin rəhbəri deyib: “Mişel Forst insan hüquqları məsələsində əgər belə “prinsipialdırsa”, ilk növbədə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bütün fundamental hüquqlardan məhrum olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsindən danışmalıdır”.

XS
SM
MD
LG