Accessibility links

Ekspertlər: Beynəlxalq Bankı talayanların hamısı cəzalandırılmalıdır (müxtəlif şərhlər)


Beynəlxalq Bank
Beynəlxalq Bank

Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin ittihamlarına cavab olaraq, Maliyyə Nazirliyinin son açıqlamasından bəlli olur ki, müxtəlif ad altında ölkədən milyardlarla dollar və avro çıxarılıb.

Maliyyə Nazirliyinin sentysabrın 2-də yaydığı açıqlamaya görə, Beynəlxalq Bankın sabiq rəhbəri 2009-cu ilin oktyabrından 2015-ci ilin martına qədər yaxınlarından ibarət olan hüquqi və fiziki şəxslərə zəmanətsiz 1,3 mlrd. manat, 1,4 mlrd. dollar və 300 mln. avro verib, ölkədən 3,7 milyard dollar, 1,1 milyard avro çıxarıb.

Nazirliyin açıqlaması ekspertlərin sərt reaksiyası ilə qarşılanıb.

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)
Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

İqtisad elmləri doktoru Qubad İbadoğlunun fikrincə,

Maliyyə Nazirliyinin son açıqlaması bir çox kölgəli məsələlərə işıq salır.

“Bu o deməkdir ki, ölkədə 6 il ərzində nə bank-maliyyə nəzarəti, nə də valyuta-gömrük nəzarəti sistemi işləməyib, bu funksiyaları həyata keçirən Mərkəzi Bank, Maliyyə Nazirliyi və gömrük orqanları üzərinə düşən adi vəzifələrini belə icra etməyiblər. Beləliklə də Cənubi Qafqazın ən böyük bankında rasional idarəçilik deyil, məqəsdyönlü talançılıq olub, nəticədə dövlət maliyyə sisteminin balansı pozulub, bank sisteminin "onurğa sütunu" zədələnib”.

Ekspert hesab edir ki, belə faktlar sivil ölkələrdə açıqlansaydı, ilk növbədə maliyyə-bank, valyuta nəzarətinə məsul olan bütün orqanların rəhbərləri istefa verər və onlar dərhal məsuliyyətə cəlb olunardı.

“Bəlkə də bu illər ərzində 3,7 milyard dollar, 1,1 milyard avro ölkədən çıxarılmasaydı, eləcə də milyardlarla manat kredit zəmanətsiz verilməsəydi hazırda milli valyutanın durumu bu dərəcə acınacaqlı olmazdı”, İbadoğlu facebook səhifəsində yazır.

Samir Əliyev
Samir Əliyev

İqtisadçı ekspert Samir Əliyev

sual edir ki, Beynəlxalq Bankın Müşahidə Şurası (Maliyyə Nazirliyi) niyə 6 il müddətində zəruri tədbir görməyib?

“Qanunsuzluqları sadalamaqla deyil. Konkret tədbirlər görmək lazım idi. Bu işdə Müşahidə Şurası Cahangir Hacıyev qədər məsuliyyət daşıyır”, ekpert belə hesab edir.

Rövşən Ağayev
Rövşən Ağayev

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev

bildirir ki, Beynəlxalq Bank vasitəsilə 8 milyard dollara yaxın vəsait 2 kanalla mənimsənilib.

“Bu kanallardan biri bu olub ki, ayrı-ayrı Azərbaycan vətəndaşlarının adına iri məbləğdə (bəzən hətta 50-60 milyon dollar) kredit yazaraq şəxsi məqsədlər üçün istifadə edilib, sonra onların xeyli hissəsini almaq mümkün olmadığındam problemsiz və ümidsiz borc kimi rəsmiləşdiriblər. Başqa kanal bu olub ki, ofşor zonalarda şirkətlər qeydiyyatdan keçirib, Bankın vəsaitlərini onların veksellərini almaq adı ölkədən çıxararaq sonradan həmin vəsaitləri də xaricdəki şirkətlərinə və hesablarına yönəldiblər”.

8 milyard dollar Azərbaycanın 7-8 illik təhsil, az qala 20 illik səhiyyə, 5 illik sosial müdafiə xərclərinə bərabər bir məbləğdir.

Rövşən Ağayev

Ekspertin fikrtincə, 8 milyard dollar Azərbaycanın 7-8 illik təhsil, az qala 20 illk səhiyyə, 5 illik sosial müdafiə xərclərinə bərabər bir məbləğdir.

“Sözüm bunda deyil. Son günlər əsas günahkarın dəqiqləşdirilməsi istiqamətində qızğın müzakirələr gedir. Hələlik ən böyük təqsirkar qismində hazırda məhkəməsi davam edən Bankın keçmiş rəhbəri Cahangir Hacıyevdir. Məhkəmənin gedişi göstərir ki, Cahangir Hacıyevin özünü müdafiəsi üçün səyləri əbəsdir. Bütün faktlar əleyhinə işləyir. Heç nə yox, təkcə öz yaxın çevrəsinin adına açdığı təminatsız kredit xətlərinə görə ona mühakimə etmək mümkün idi”.

Ağayev hesab edir ki, bu qanunsuz işlərdə Cahangir Hacıyev tək günahkar deyil.

“Bu işə görə ölkənin bütün maliyyə sisteminin rəhbər şəxsləri, bütövlükdə hökumət məsuliyyət daşıyır. Bu gün Maliyyə Nazirlyi bütün günahları onun boynuna qoyub. Amma, Banklar Haqqında Qanunun 25-ci maddəsinə görə, Müşahidə Şurası bankların idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, bankın İdarə Heyətindən hesabat almaq, bank tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə bu pozuntu barəsində səhmdarların ümumi yığıncağını, Audit Komitəsini və İdarə Heyətini xəbərdar etmək, İdarə Heyəti üzvlərini vəzifədən kənarlaşdırmaq, bankın etibarlı və prudensial idarə olunmasını təmin etmək üçün zəruri olan qaydaları və daxili əsasnamələri qəbul etmək, bankın fəaliyyətinin kompleks və ya ayrı-ayrı sahələrinin yoxlanması barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Beynəlxalq Bankın Müşahidə Şurasına isə Maliyyə Nazirliyi rəhbərlik edib. Bu səlahiyyətləri icra etmək kifayət idi ki, indi şahidlik etdiyimiz böyük korrupsiya əməliyyatları baş verməmiş ola idi”.

Bundan əlavə, bu Qanunun 34-cü maddəsinə görə Mərkəzi Bank prudensial normativlər və tələblər baxımından bankın bütün iri kredit əməliyyatlarına, bank rəhbərliyində olan şəxslərə, onların yaxınlarına verilmiş kreditlərin həcminə və aktivlərin vəziyyətinə nəzarət etmək hüququ vardı.

“Bankın rəhbərliyi yıxılmayana qədər 7-8 il ərzində bu qurumlardn heç biri səlahiyyətindən istifadə etməyib. Amma indi bunlar barədə danışmaq çoxlarına sərf etmir.

Bu işdə müdafiə olunacaq, günahsız olan bircə tərəf var - o da Azərbaycan xalqıdır, 8 milyard dolları oğurlanmış zərəçəkən Azərbaycan xalqı...”, ekspert facebook səhifəsində yazır.

Əli Kərimli
Əli Kərimli

AXCP sədri Əli Kərimli

hesab edir ki, ölkənin maliyyə sistemi çöküb.

“Bankların dollar satmaması o deməkdir ki, tezliklə ölkəyə xaricdən valyuta ilə gətirilən malların qıtlığı yaranacaq, qiymətlər daha da qalxacaq, manat N-ci dəfə devalvasiyaya məruz qalacaq. Və bütün bunlar hamısı yalnız 10 il ərzində sadəcə neft satışından 135 milyard dollar gəlir əldə etmiş ölkədə baş verəcək”, siyasi partiya lideri bildirir.

XS
SM
MD
LG