Accessibility links

Malaziya rəsmiləri təyyarənin itməsi ilə bağlı yeni fərziyyələr irəli sürüb


Malaziya rəsmiləri 239 sərnişinlə yoxa çıxmış təyyarənin axtarışına dair ziddiyətli məlumat verməkdə onlara qarşı irəli sürülən ittihamları rədd edib. Təyyarənin axtarışları beşinci gündür davam edir.

Nəqliyyat naziri Hişammuddin Hüsseyn deyib ki, Malaziya presedenti olmayan bir vəziyyətlə qarşılaşıb. O, şənbə günü yoxa çıxmış Boeing 777 tipli laynerin tapılması üçün hökumətin əllərindən gələni edəcəyini bildirib.

Mətbuat konfransında danışan nazir 12 ölkədən 42 gəmi və 39 təyyarənin apardığı axtarışların bir nəticə vermədiyini deyib. Axtarışlar artıq 50 min kvadrat kilometr məsafədə aparılır.

O deyib ki, əsas diqqət indi Cənubi Çin dənizinə yönəlib. Axtarışlar mülkü avia dispetçerin itmiş layneri son dəfə qeydə aldığı ərazi və Malaziya yarımadasından qarşı istiqamətdə bir neçə yüz kilometr məsafədə Malakka boğazında aparılır.

Mətbuat konfransında hərbi rəsmilər laynerin şənbə günü yerli vaxtla gecə saat 2:15-də 320 kilometr şimal-qərbdə Malaziyanın Penanq adasında radarda qeydə alına bildiyini deyib. Amma rəsmilər bunun itmiş layner olduğuna əmin olmadığını deyiblər.

Laynerin həqiqətən də Mallakka boğazına istiqamət aldığı nəzərə alınsa, onda havaya qalxdıqdan az sonra təyyarənin hansısa faciəli hadisə ilə üzləşdiyi və bu üzdən pilotun rəsmilərlə əlaqə saxlaya bilməməsi ehtimalı yaranır.
XS
SM
MD
LG