Mahnı ilk dəfə təqdim olunanda çox insan düşünürdü ki, içərisində çoxlu opera keçidləri, sözlərində isə Qaliley və Skaramuç haqqında olan bu 6 dəqiqəlik musiqi satılmayacaq. Ancaq Queen qrupunun "A night at the Opera" albomunun ən məşhur mahnısı "Bohemian Rhapsody" dekabrın 10-da XX əsrin ən çox səsləndirilən musiqisi seçilib.
Universal Music Groupun verdiyi məlumata görə, 1975-ci ildə yazılmış və eyni adlı filmin təqdimatı ilə son zamanlar daha da məşhurlaşan "Bohemian Rhapsody" dünya miqyasında 1,6 milyard dəfə səsləndirilib.
Universal əlavə edib ki, bu mahnı bütün zamanların ən yaxşı klassik rok mahnıları olan Nirvananın "Smells Like Teen Spirit" və Guns N 'Roses'in "Sweet Child O'Mine" mahnılarını arxada qoyub.
Altı hissəli "Bohemian Rhapsody" mahnısı adi rok musiqisindən daha mükəmməl və fərqli quruluşdadır. Bu mahnını digərlərindən fərqləndirən cəhət onun opera və ağır metalın sintezi olmasıdır. Mahnı giriş, ballada, solo gitara, opera, rok və sonluqdan ibarətdir.
"Bohemian Rhapsody" 50 ilin ən yaxşı rok mahnısı kimi Ginnes Rekordlar Kitabında yer alıb.