Bollivud ulduzu və keşmiş Dünya gözəli Aişvariya Ray Baçan və onun səkkiz yaşlı qızının koronavirus testinin müsbət nəticə verdiyi bildirilir.
Bundan bir gün öncə şənbə günü Aişvariya Rayın qayınatası Amitab Baçan və həyat yoldaşı Abişekin testlərinin müsbət nəticə verdiyi və onların xəstəxanaya yerləşdirilməsi haqda xəbər verilmişdi.
77 yaşlı Amitab Baçanın xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, Maharaştra ştatının səhiyyə naziri Raceş Tope onun sağlamlıq durumunun sabit və simptomlarının yüngül olduğunu bildirib.
Reuters xəbər agentliyinin verdiyi məlumata görə, onun həyat yoldaşı Cayanın testi neqativ nəticə göstərib.
1970-ci illərdən başlayaraq 200-dən çox filmdə çəkilən əfsanəvi aktyor Amitab Baçan şənbə günü Twitter sosial şəbəkəsində koronavirus testinin müsbət nəticə verdiyini yazıb.
“Ailə və personal testlərdən keçib, nəticələri gözləyir...Son 10 gündə mənə yaxın olan hər kəs lütfən testdən keçin!”, o, Twitter-də yazıb.
Onun oğlu Abişek bir qədər sonra oxşar mesaj tvit edib.
Amitab Başan Hindistanda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə aparılan kampaniyada fəal iştirak edib. O, maska taxmaq və insanları evdə qalmağa çağıran reklamlarda çəkilib.
Dünya ölkələri arasında ən sərt karantin rejimlərindən birinin tətbiq edilməsinə baxmayaraq, Hindistanda COVİD-19-a yoluxma halları artır.
Son 24 saat ərzində 27000-dən çox yeni yoluxma halı və 500-dən çox ölüm halının qeydə alındığı haqda məlumat verilib.
Hindistan 850000-dən çox təsdiq edilmiş yoluxma halı ilə dünyada COVİD-19-a yoluxmaların sayına görə Amerika Birləşmiş Ştatları və Braziliyadan sonra üçüncü yerdə gəlir.