Accessibility links

Bolqarıstan bəzi məhdudiyyətləri saxlamaqla fövqəladə vəziyyətə son qoyur


Bolqarıstan çərşənbə günü fövqəladə vəziyyət rejiminə son qoyacaq, lakin bəzi məhdudiyyətlər saxlanılacaq və parlamentin qəbul etdiyi kimi, COVID-19 yoluxmalarının artdığı halda hökumət bir daha fövqəladə vəziyyət elan edə biləcək.

Çərşənbə axşamı millət vəkilləri tərəfindən təsdiqlənən yeni qanun layihəsinə əsasən, səhiyyə naziri hələ də yoluxmuş insanları karantin altına yerləşdirə və onlara əməl etməyənlərə qarşı cəza tətbiq edə bilər.

Balkan ölkəsində martın 13-də koronavirusun yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan edilmişdi. Bura səyahət qadağaları, ictimai yerlərdə sosiallaşma və məktəblərin, restoran və barların bağlanmağı daxil idi.

Hökumət tədricən kinoteatrları, muzeyləri və digər istirahət məkanlarını açacaq, lakin sosial məsafə tələbi qüvvədə olacaq.

Bu, açıq havada fəaliyyət göstərən barların və restoranların, qonaq evlərinin və kiçik hotellərin yenidən açılmasına da imkan yaradır. Əsas tələb isə sanitariya tədbirlərinə riayət etməkdir.

Ən çox zərər görən turizm sektorunu dəstəkləmək istəyən millət vəkilləri əcnəbi qonaqları ölkənin kurortlarına çarter reysləri ilə gətirən tur operatorlara dövlət subsidiyalarının verilməsi üçün səs veriblər. Eyni zamanda, Qara dəniz çimərliklərinin operatorlarından çətir və günəş çarpayılarının qiymətini azaltmağı istəyiblər.

Təxminən 7 milyon əhalisi olan Bolqarıstanda koronavirusa 2023 yoluxma halı qeydə alınıb, 94 nəfər isə həyatını itirib.

XS
SM
MD
LG