Accessibility links

Con Bolton : Neft tankerlərinə hücumların arxasında İranın durduğu “demək olar dəqiqdir"


ABŞ-ın milli təhlükəsizlik məsələri üzrə müşaviri Con Bolton çərşənbə günü deyib ki, bu ayın əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sahilində neft tankerlərinə hücumların arxasında İranın durduğu “demək olar dəqiqdir”. Əbu Dabidə müxbirlərlə görüşündə Bolton regional məsələlərlə bağlı müzakirələrin mühümlüyünü önə çəkib.

Hücumun məsuliyyətini danan İranın XİN-nin sözçüsü Abbas Musəvi Boltonun iddilarını rədd edərək, bunun gülünc olduğunu, lakin Boltonun İranla bağlı mövqeyinə görə gözlənilməz olmadığını bildirib.

Vaşinqton bu ayın əvvəlində Körfəzdə neft tankerlərinə hücuma görə Tehranı ittiham etmişdi. ABŞ İranın regiondakı rəqibləri olan Səudiyyə Ərəbistanı və BƏƏ ilə yaxın müttəfiqdir.

Hazırda mayın 12-də dörd gəmiyə dəyən ziyanı amerikalılar daxil olmaqla, beş ölkənin ekspertləri araşdırır. Dörd gəmidən ikisi Səudiyyəyə məxsus neft tankerləri idi.

Səudiyyə Ərəbistanı Tehranı ərazisindəki kəmərə və digər neft obyektlərinə dron hücumları sifariş verməkdə günahlandırıb. Həmin hücumlara görə, İranın Yəməndə dəstəklədiyi şiə məzhəbli husi yaraqlılar məsuliyyəti üzərinə götürüb.

İran rəsmiləri isə ittihamları rədd edib.

ABŞ prezidenti Donald Tramp İranın neft ixracını sıfıra endirməyə çalışmaq və İrandan gələn təhlükələrə qarşı İran Körfəzində ABŞ-ın hərbi mövcudluğunu artırmaq qərarını elan edəndən sonra Tehranla Vaşinqton arasında gərginlik artıb.

XS
SM
MD
LG