ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton prezident Donald Trampın orta mənzilli raketlərə dair razılıqdan çıxmaq istədiyi haqda qərarını elan etməsindən sonra Moskvada Rusiya rəsmiləri ilə məsələ ətrafında müzakirələr aparır.
Bildirildiyi kimi, danışıqlar zamanı strateji silahların azaldılmasına dair yeni müqavilənin imzalanması məsələsinə toxunulub.
Bolton Moskva ilə 30 ildən artıqdır imzalanmış müqaviləni Rusiyanın Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevlə, daha sonra isə xarici işlər naziri Sergey Lavrovla müzakirə edib.
ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşavirinin Rusiya prezidenti Vladimir Putinlə çərşənbə axşamı günü görüşü planlaşdırılıb.
Kremlin sözçüsü Dmitri Peskov müxbirlərə deyib ki, ABŞ-ın qərarı “dünyanı daha təhlükəli bir yer” edə bilər. O, ABŞ-ın Rusiyanın razılığın şərtlərini pozduğuna dair iddiasını qəbul etməyib. Peskov deyib ki, əgər Birləşmiş Ştatlar yeni raketlərin istehsalına başlasa, Rusiya da eyni addımı atmağa məcbur olacaq. Onun bildirdiyinə görə, Rusiya rəsmiləri Boltonla danışıqlar zamanı ABŞ-ın ortamənzilli nüvə silahlarına dair müqavilə haqda daha çox məlumat almaq istəyir.
Tramp Rusiyanın 1987-ci ildə imzalanmış müqaviləni pozaraq, raket istehsal edib, sınaqdan keçirməkdə ittiham edib.
Müqavilənin şərtlərinə əsasən, ABŞ və Rusiyaya 500 kilometrdən 5000 kilometrə qədər məsafəni qət edə biləcək nüvə başlıqlı raketlərin yerləşdirilməsi, sınaqdan keçirilməsi və saxlanması qadağan edilir.
Sovet İttifaqının keçmiş lideri Mixail Qorbaçov müqaviləni 1987-ci ildə Ağ Evdə ABŞ prezidenti Ronald Reyqanla imzalamışdı.
Qorbaçov Rusiyanın İnterfaks agentliyinə müsahibədə bildirib: “Vaşinqtonda doğrudandamı başa düşmürlər ki, bu nəyə gətirib çıxara bilər? Vaşinqtonun tarixi geri döndərmək səylərinə dəstək verilməməlidir. Təkcə Rusiya deyil, sülh istəyən, xüsusilə də nüvə silahlarının olmadığı bir dünya istəyənlər bunu bəyan etməlidirlər.”
ABŞ rəsmiləri keçmiş prezidenti Barak Obama dövründə də Rusiyanı NATO-ya təhlükə yaratmaq məqsədilə bilərəkdən yerüstü qanadlı raketlər yerləşdirməkdə ittiham etmişdi.
Rusiya müqaviləni pozduğuna dair iddiaları rədd edib və ABŞ-ın raketlərdən müdafiə sisteminin onun pozulması olduğunu bildirib.