Accessibility links

Boris Conson Britaniyanın növbəti baş naziri olacaq


Britaniyanın Mühafizəkarlar Partiyası çərşənbə axşamı Boris Consonun seçkidə qalib gələrək, partiyanın lideri və ölkənin növbəti baş naziri seçildiyini elan edib.

Conson bazar ertəsi gecə başa çatan səsvermədə 66-34 faiz səs fərqi ilə Britaniyanın xarici işlər naziri Ceremi Hantı məğlub edib.

Biz bu gözəl ölkəni birləşdirəcəyik və onu irəliyə aparacağıq.

“Biz bu gözəl ölkəni birləşdirəcəyik və onu irəliyə aparacağıq,” Conson qalib elan olunandan sonra partiya üzvlərinə söyləyib.

O, oktyabrın 31-də Britaniyanı Avropa İttifaqından ayıracağına və təhsili, infrastrukturu və polis xidmətini yaxşılaşdıraraq ölkəni birləşdirib, enerji ilə təmin edəcəyinə söz verib.

Conson Tereza Meyi rəsmi olaraq çərşənbə günü əvəzləyəcək. Mey dəfələrlə Britaniyanın Avropa İttifaqından ayrılmasına nail ola bilmədiyi üçün istefa verib.

Conson öz çıxışında Meyə partiyaya və ölkəyə göstərdiyi “fövqəladə xidmətə” görə təşəkkürünü bildirib.

ABŞ prezidenti Donald Tramp Consonu təbrik edib və deyib ki, “o, möhtəşəm olacaq”.

Brexit prosesinin mart aynın sonunda başa çatacağı planlaşdırılırdı, lakin Avropa İttifaqı rəsmiləri Britaniya parlamentinin üç dəfə rədd etdiyi ittifaqdan ayrılmaq şərtlərini yenidən müzakirə etmək istəməsələr də, son möhlət tarixini oktaybrın 31-nə təxirə salmağa razılaşıblar.

Meyin idarəçiliyi zamanı populist xarici işlər naziri və Londonun keçmiş meri olan Conson Britaniyanı oktyabrın 31-də razılıq əldə olunmadan belə Avropa İttifaqından ayırmaq istədiyini vurğulayıb. Parlamentin bir çox üzvü isə heç bir razılıq əldə olunmadan Brexitin baş verməsinə qarşı çıxaraq bu cür addımın iqtisadi hərc-mərcliyə gətirib çıxaracağını söyləyir.

Bors Consonun böyük babası türk jurnalist və sonradan qısa müddətə Osmanlı İmperiyasının daxili işlər naziri olmuş Əli Kamaldır. Kamal 1903-cü ildə İsveçrəyə səfəri zamanı aşiq olduğu ingilis-isveçrəli Vinifred Brunla ailə qurmuşdu.

XS
SM
MD
LG