Accessibility links

“Avtoritar rejimlər siyasi rəqibləri daim nəzarətdə saxlayır”- Nemtsovun qətlinə Azərbaycandan reaksiyalar


Russia Opposition
Russia Opposition

“Bütün avtoritar və totalitar kriminal rejimlər öz siyasi opponentlərini daimi nəzarət altında saxlayırlar”. Bu sözlərlə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Facebook səhifəsində Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsovun qətlinə münasibət bildirib.

Buna xüsusi xidmət orqanlarının leksikonunda "əməliyyat şəraitinin tələb etdiyi zəruri kompleks tədbirlər" deyirlər və bu, onların ən adi iş planına daxildir. Bu da "Nemtsovu kim öldürdü?" sualına bir cavab versiyası.

Ərəstun Oruclu

“Belə rejimlərdən olan Rusiya hakimiyyətinin müxalifətin sabahkı etiraz mitinqi ərəfəsində Rusiyanın işğalçı müharibə apardığı Ukraynadan geri dönmüş müxalifət lideri Boris Nemtsovu xüsusi nəzarətdə saxlamaması hipotetik baxımdan belə mümkün deyil. Bu tipli rejimlərin fəlsəfəsinə, məntiqinə və metologiyasına uyğun olaraq, mərhum Nemtsov qətl ərəfəsində Rusiya xüsusi xidmət orqanlarının məxfi müşahidə xidməti tərəfindən izlənilməli, onun telefonu dinlənilməli və ətrafında ciddi agentura-əməliyyat tədbirləri həyata keçirilməli idi. Yüksək ehtimalla, onların hamısı həyata keçirilirilib. Hətta siyasi təqib məqsədilə olmasa belə, Rusiya xüsusi xidmət orqanları mümkün təxribatların qarşısını almaq məqsədilə həmin tədbirləri profilaktik məqsədlə həyata keçirməli idi. Buna xüsusi xidmət orqanlarının leksikonunda "əməliyyat şəraitinin tələb etdiyi zəruri kompleks tədbirlər" deyirlər və bu, onların ən adi iş planına daxildir. Bu da "Nemtsovu kim öldürdü?" sualına bir cavab versiyası”, politoloq qeyd edir.

Rusiya hakimiyyətinin əlinin təmiz olduğunu demək olmaz.

Cəmil Həsənli

Milli Şuranın sədri Cəmil Həsənli B.Nemtsovun qətlini “dəhşətli hadisə” adlandırıb. Onun fikrincə, bu qətl həm də bütünlükdə demokratik qüvvələrə zərbədir. C.Həsənli diqqəti qətlindən bir neçə həftə öncə B.Nemtsovun V.Putin tərəfindən öldürüləcəyi barədə açıqlamasına çəkib.

“Qətli konkret olaraq kimlərin torətdiyini söyləmək çətindir. Amma bu məsələdə Rusiya hakimiyyətinin əlinin təmiz olduğunu demək də olmaz”, Həsənli qeyd edib.

Milli Şuranın sədri avtoritar ölkələrdə müxalifətdə olmağı “həyatla oynamaq” adlandıraraq B.Nemtsovun bu yolda həyatını qurban verdiyini vurğulayıb.

Bu qəddar siyasi qətl Putin rejiminin iflasını sürətləndircək.

İsa Qəmbər

Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Facebook səhifəsində yazır ki, Rusiyanın ən parlaq ictimai-siyasi xadimlərindən biri Boris Nemtsov öldürülüb.

“Onunla görüşlərim, söhbətlərim mənə əsas verirdi ki, B.Nemtsovu həm də gələcəkdə demokratik Azərbaycanla demokratik Rusiya münasibətlərinin qurulmasına hazır ən yetkin dövlət adamlarından biri kimi dəyərləndirim. Bu qəddar siyasi qətl Putin rejiminin iflasını sürətləndircək”, o qeyd edir.

Rusiyada prezident Putinin əsas rəqiblərindən olan Nemtsovun qətlə yetirilməsi yalnız Rusiya üçün yox, bütün dünyada demokratik dəyərlər uğrunda mübarizə aparanlara zərbədir.

Müsavat Partiyası

Müsavat Partiyasının bəyanatında deyilir ki, B.Nemtsov Rusiya demokratlarının postsovet məkanındakı aparıcı demokratik qüvvələrlə, o cümlədən Müsavat Partiyası ilə əlaqələrə xüsusi önəm verən liderlərdən olub.

“Rusiyada prezident Putinin əsas rəqiblərindən olan Nemtsovun qətlə yetirilməsi yalnız Rusiya üçün yox, bütün dünyada demokratik dəyərlər uğrunda mübarizə aparanlara zərbədir”.

Müsavat Partiyası Rusiyanın demokratik qüvvələrinə dəstəyini bildirir, bütün demokratik qüvvələri bəyan etdikləri hədəflər uğrunda daha qətiyyətlə mübarizə aparmağa çağirir.

Müsavat Partiyası mərhumun silahdaşlarına və yaxınlarına baş sağlığı verməklə yanaşı, bu amansız qətlin sifarişçilərinin və icraçılarının dərhal tapılaraq cəzalandırılmasını tələb edir.

AXCP sədri Əli Kərimli Rusiya müxalifətinin lideri Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı facebook səhifəsində bunları yazıb.

Boris Nemtsovun öldürülməsi həm də bütün post-Sovet məkanındakı demokratik qüvvələrin itkisidir.

Əli Kərimli

“Boris Nemtsov çox savadlı, ardıcıl, cəsur siyasətçi, müxalifət lideri idi. O, təkcə Rus xalqının deyil, keçmiş Sovet məkanındakı bütün xalqların həqiqi azadlığının tərəfdarı olan gerçək demokrat idi. Ümumbəşəri dəyərlərə sədaqəti ilə fərqlənən Boris Nemtsov Rusiyanın Ukraynaya qarşı dolayı yollarla apardığı müharibəni qətiyyətlə pisləyirdi. Azərbaycan da daxil olmaqla keçmiş Sovet respublikası olmuş, yeni müstəqil dövlətlərdə xalqların demokratikləşmə uğrunda mübarizəsinə rəğbətini açıq ifadə edirdi.

Boris Nemtsovun namərdcəsinə öldürülməsi ilk növbədə rus xalqının böyük itkisidir. Rus xalqına bu itkiyə görə başsağlığı verirəm. Onun öldürülməsi həm də bütün post-Sovet məkanındakı demokratik qüvvələrin itkisidir. O, dünyadakı qlobal trendlərə təsir edə biləcək, parlaq şəxsiyyət idi. Bu mənada onun itkisi həm də demokratik bəşəriyyətin itkisidir.

Onunla şəxsən görüşməmişdik. Amma kənardan da olsa, bir-birimizin fəaliyyətindən xəbər tutur, məktublaşırdıq. Ötən il AXCP-nin və “Azadlıq” qəzetinin 25 illik yubileylərində çox səmimi təbrik məktubları göndərmişdi. Etiraf edim ki, hazırda özümü çox yaxın dost itirmiş biri kimi hiss edirəm.

Boris Nemtsov ölümə şüurlu gedənlərdən idi. Təbii ki, həyatının məhz dünən gecə və məhz belə qanlı şəkildə, 4 güllə ilə bitəcəyini bilmirdi. Amma həbs və ya ölüm təhlükəsinin onu hər an izlədiyini bilirdi. Bilirdi və qorxmurdu, mübarizəsindən vaz keçmirdi. Bəli, xalqlar bir çox hallarda belə cəsur, bacarıqlı övladlarını qurban vermək bahasına demokratiya və azadlığa qovuşurlar. Nə Rusiyada, nə də başqa post-Sovet məkanında avtoritarizm, diktatura, soyğunçuluq tərəfdarı olan qara qüvvələr sevinməsinlər. Boris Nemtsov ölümü ilə də Rusiya xalqının azadlıq və demokratiya mübarizəsinə öz töhfəsini vermiş olacaq. Rusiyada demokratik dəyişikliklər daha da sürətlənəcək.

Ruhun şad olsun, əziz dost! Sən bunu görməsən də, uğrunda qurban getdiyin ümumbəşəri dəyərlər qalib olacaq!”

XS
SM
MD
LG