Humanitar təşkilatlar Bosniya rəsmilərini ixtilaflarını həll etməyə və qışın soyuğunda sığınacaqsız yaşayan yüzlərlə miqrantı sığınacaqla təmin etməyə çağırır.
Təxminən 900 nəfər bir həftədən çoxdur Bosniyanın şimalında keçmiş Lipa Fövqəladə Çadır Düşərgəsi yaxınlığında ilişib qalıb. Onların qaldıqları düşərgə böyük yanğın nəticəsində dağıldığı üçün miqrantlar pis şəraitdə qalırlar və mənfi temperaturlara dözməyə çalışılar.
BMT-nin insan haqları qurumunun sözçüsü Ravina Şamsadani Amerikanın Səsinə bildirib ki, keçmiş düşərgə sakinlərini daha uyğun müvəqqəti təsisə köçürmək planları baş tutmayıb. Onun sözlərinə görə buna səbəb onların köçürəcəkləri ərazininin sakinlərinin buna etiraz etməsi olub.
“Çıxılmaz vəziyyət davam edir. Bu insanlar adekvat sığınacaq olmadan mənfi temperaturda küçədə qalırlar. Ona görə də biz rəsmiləri bu insanların sığınacaqla təmin etməyə, onların yaşayış şəraitlərini Bosniya və Herseqovinan hökümətinin insan haqları öhdəliklərinə uyğun etməyə çağırırıq,” Şamsadani deyib.
Humanitar təşkilatlar qorxur ki, davam edən çıxılmaz vəziyyət və düşmən ritorikası yerlilər arasında ksenofobiyanı dərinləşdirə bilər.
Şamdasani çadır düşərgəsinin keçmiş sakinlərini Afrika, Yaxın Şərq və Asiyadan gələn miqrantlar olduğunu bildirib. O, bəzilərinin qaçqın, bəzilərinin qanunsuz miqrant olduğunu, bəzilərinin isə sığınacaq axtardığını deyib.
“Bosniya və Herseqovinada qalmağı planlaşdırmalarından və ya Bosniya vasitəsilə Avropanın digər yerlərinə keçmək istəmələrindən asılı olmayaraq bu insanlar hazırda Bosniya və Herseqovinanın ərazisindədirlər. Ona görə də hökumət onların adekvat sığınacaqla təmin olunmasından və onların insan hüquqlarının qorunduğundan əmin olmalıdır,” Şamdasani deyib.
Yardım təşkilatları bildirir ki, rəsmilərlə yerli əhali arasındakı çıxılmaz vəziyyətə son qoymaq və onsuz da çox əziyyət çəkən yüzlərlə insanın əziyyətlərini azaltmaq üçün çevik tədbirlər görülməlidir.