Accessibility links

Cövhər Tsarnayevə qarşı ölüm hökmü bərpa edilə bilər


ABŞ-ın Ali Məhkəməsi Boston marafonunun hücumçusu Cövhər Tsarnayevin ölüm hökmünün bərpasının nəzərdən keçiriləcəyini elan edib. Bu, ölüm cəzasının əleyhinə olan Prezident Bayden üçün erkən bir sınaq olacaq.

Hakimlər vəzifədəki son altı ayda 13 federal məhbusun edamını həyata keçirən Tramp administrasiyasının apellyasiya şikayətini dinləməyə razı olub.

Məhkəmə işinə payıza qədər baxılmayacaq və yeni rəhbərliyin Tsarnayevin işinə necə yanaşacağı bəlli deyil. İlkin ittiham və edam hökmünün çıxarılmasına dair qərar Baydenin vitse-prezident olduğu vaxt Obama administrasiyası tərəfindən verilmişdi.

Bayden isə federal ölüm cəzasına son qoyulacağına söz vermişdi.

Avqust ayında Federal Apellyasiya Məhkəməsi Tsarnayevn ölüm hökmünü ləğv etmişdi. Məhkəmə bunu hakimin məhkəmə heyətinin ona qarşı qərəzsiz olduğuna dair kifayət qədər dəlil təqdim etməməsi ilə izah etmişdi.

Ədliyyə Nazirliyi apellyasiya şikayəti verərək, hakimlərdən növbəti məhkəmə işini yazın əvvəlinə qədər bitirmələrini və qərar vermələrini xahiş edib. Baş prokuror Villiam Barr keçən il "Nə lazımdırsa edəcəyik" deyib.

Tsarnayevin vəkilləri ilk məhkəmədə onun və böyük qardaşı Tamerlan Tsarnayevin 2013-cü ildə marafon zamanı iki bombanı partlatdıqlarını etiraf etsələr də, Cövhər Tsarnayevin qardaşından daha az günahkar olduğunu iddia edib.

26 yaşlı Tamerlan Tsarnayev polislə silahlı atışmadan qaçarkən qardaşı tərəfindən vurularaq ölüb. Polislər bir neçə saat sonra Cövhər Tsarnayevi Boston şəhərinin yaxınlığındakı Votertoundakı bir həyətdə saxlanan qayıqda tapıb.

Hazırda 27 yaşı olan Tsarnayevə qarşı sui-qəsd, kütləvi qırğın silahından istifadə və qaçmağa təşəbbüs zamanı Massaçusets Texnologiya İnstitutunun polis məmurunun öldürməsi də daxil olmaqla, 30 ittiham irəli sürülüb. Apellyasiya Məhkəməsi bəzi ittihamlardan başqa hamısını təsdiqləyib.


.

XS
SM
MD
LG