Accessibility links

Salman Rüşdi: Bıçaqlanandan sonra yazmaq "çox çətin"dir


Salman Rüşdi
Salman Rüşdi

Britaniyalı yazıçı Salman Rüşdi bazar ertəsi yeni "Qələbə şəhəri" romanının nəşrindən əvvəl verdiyi müsahibəsində deyib ki, keçən il bıçaqlandıqdan sonra yazmaq "çox çətindir".

Şəhəri idarə etmək üçün patriarxal dünyaya meydan oxuyan 14-cü əsrdə yaşamış bir qadın haqda "epik hekayəsi" çərşənbə axşamı ABŞ-da işıq üzü görəcək Rüşdi hücumun onu ruhən sarsıtdığını deyib.

Keçən il avqustun 12-də Nyu-York ştatının Çautauqua şəhərində keçirilən konfrans zamanı baş verən bıçaqlanma hadisəsindən sonra "New Yorker" jurnalına müsahibə verən 75 yaşlı yazıçı deyib ki, "bu, Travmasonrası Sinir Pozğunluğuna (PTSD ) bənzəyir" .

"Mənim üçün yazmaq çox, çox çətindir. Otururam yazmağa, lakin heç nə alınmır. Yazıram, lakin bu, boşluq və zibilin birləşməsi olur və mən ertəsi gün onu pozuram. Mən hələ o qaranlıqdan çıxmamışam" - deyə, o əlavə edib.

Mükafatlara layıq görülmüş, 20 ildir Nyu-Yorkda yaşayan Amerika vətəndaşı olan yazıçının agenti keçən ilin oktyabr ayında onun bir gözünün görmə və bir əlinin işləmə qabiliyyətini itirdiyini deyib.

Rüşdi jurnalist David Remnikə deyib ki, "böyük yaralar sağalır", lakin bəzi barmaqlarının uclarında hissiyyat olmadığı üçün o, yaxşı çap edə bilmir.

Hindistan əsilli müəllif özünü "şanslı" sayır. "Mən daha yaxşı idim. Amma baş verənlərə baxanda, o qədər də pis deyiləm," deyib.

İranın ilk ali dini lideri Ayətullah Ruhulla Xomeyni 1988-ci ildə nəşr olunan "Şeytan ayələri" əsərinin küfr xarakterli olduğunu deyərək, onun öldürülməsinə göstəriş verməsindən sonra Rüşdi illərlə gizlənib.

Bu hücum Qərbi şoka salsa da, İran və Pakistan kimi müsəlman ölkələrində ekstremistlər tərəfindən müsbət qarşılanıb.

Rüşdiyə son onilliklərdə ehtiyat tədbirlərinin zəiflədilməsinin səhv olduğunu düşünüb-düşünmədiyi barədə sual verilib.

"Mən bu sualı özümə verirəm və cavabını bilmirəm. Mən yazıçı kimi həyatımın dörddə üç hisəsini fətvadan sonra yaşamışam. Müəyyən mənada həyatınıza peşman ola bilməzsiniz," o deyib.

Əslən Livandan olan və Nyu-Cersidə yaşayan 24 yaşlı Hadi Matar hücumdan dərhal sonra həbs edilib və günahını boynuna alıb.

Rüşdi "Mən onu günahlandırıram" deyib.

"Qələbə şəhəri" ilkin olaraq qədim hind dilində yazılmış tarixi dastanın tərcüməsi hesab edilir. Bu, Ruşdinin 15-ci romanıdır və hücumdan əvvəl qələmə alınıb.

Rüşdinin çoxdan gözlənilən bu əsəri ilahə tərəfindən sehrli güc bəxş edilmiş və müasir Hindistanda adı "Qələbə şəhəri" kimi tərcümə edilən Bisnaqa şəhərinin əsasını qoyan gənc yetim qız Pampa Kampanadan bəhs edir.

XS
SM
MD
LG