Britaniya hökuməti bazar ertəsi iddialı vaksinasiya kampaniyasına başlayıb. Bunun məqsədi gələn ayın ortalarına qədər 15 milyon vətəndaşı peyvənd etməkdən ibarətdir.
Səhiyyə departamentinin açıqlamasında yanvar ayının sonunadək ölkə daxilində Britaniyada hər insanın yaşadığı yerdən 16 km. uzaqlıqda yerləşən 2700 peyvənd məntəqəsinin olacağını bildirilib. Səhiyyə rəsmiləri qeyd edib ki, şəhərətrafı ərazilərdə mobil peyvənd məntəqələri xidmət göstərəcək.
Səhiyyə departamenti rəsmilərin ayın sonuna qədər həftədə ən azı 2 milyon peyvəndin tətbiq edilə biləcəyinə və Britaniyadakı 10 mindən artıq qocalar evinin bütün sakinləri və işçilərinin vaksinasiya olunmaq imkanı əldə edəcəyinə ümid etdiyini bildirib. Plana əsasən, 206 aktiv xəstəxana, eyni zamanda ilkin yardım tibbi-sanitar qovşaqları, ictimai apteklər və mobil qruplar da daxil olmaqla 1200 yerli peyvənd məntəqəsinin yaradılması nəzərdə tutulur.
Səhiyyə departamenti bu ayın sonuna qədər Britaniyada 50 kütləvi peyvənd mərkəzinin olacağını bildirib. Baş nazir Boris Conson Bristolda yeni açılan mərkəzdə jurnalistlərlə danışarkən vəziyyəti "zamana qarşı bir yarış" kimi xarakterizə edib.
"NHS-nin (Milli Səhiyyə Xidməti) reanimasiya şöbələrindəki tələbat, ventilyatorlu yataqlara olan ehtiyac, hətta bəzi yerlərdə oksigen çatışmazlığı kimi üzləşdiyi təhlükəni və təzyiqləri görə bilərik" - deyə, o bildirib.
Conson Britaniyada COVID-19-a qarşı 2.4 milyon peyvənd vurulduğunu və qocalar evlərindəki yaşlı sakinlərin təxminən dörddə biri daxil olmaqla, 80 yaşlarında olan şəxslərin təxminən 40 faizinin vaksinasiya olunduğunu deyib.
Britaniyada ölənlərin sayı artmaqdadır. Con Hopkins Universitetinin məlumatına görə, koronavirusa 3 milyondan çox yoluxma və 81 500-dən çox ölüm halı ilə Britaniya hazırda dünyada yolluxma hallarının sayına görə 5-ci yerdədir.