Accessibility links

Koronavirusun Britaniya və Cənubi Afrika variantları dünya boyu yayılır


Bazar günü verilən xəbərlərə görə, COVID-19 virusunun alimlərin daha yoluxucu olduğunu düşündüyü Britaniya variantı Fransa və Rusiyada aşkar edilib.

Virusa 3 milyondan çox yoluxma halının qeydə alındığı Rusiya yanvarın 13-nə qədər Britaniyadan uçuşları dayandırıb və Britaniyadan gələnlər üçün iki həftəlik karantin təyin edib.

Britaniyanın özündə isə çox sayda yoluxmalara və ölümlərə səbəb olan COVID-19 xəstəliyinə qarşı mübarizə davam edir.

"Acı həqiqət budur ki, virusun yayılması kəskin şəkildə azalmadığı təqdirdə, yaxın iki həftədə xəstəxanalarda çarpayılar çatmayacaq" - deyə, Londonun meri Sadiq Xan həftə sonu bildirib.

Virusun Britaniya variantı 45 ölkədə və ABŞ-ın azı səkkiz ştatında aşkar edilib. Virusun Cənubi Afrikada tapılan başqa bir variantı isə bazar günü İrlandiyada aşkar edilib. Üçüncü yeni variantın Yaponiyada Braziliyadan gələn səyahətçilərdə aşkar edildiyi bildirilib.

Yaponiyanın Milli Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri Takaji Vakita bazar günü yeni aşkar edilən variantın Britaniya və Cənubi Afrikada təsbit edilənlərdən fərqli olduğunu, lakin hər üç variantın ümumi mutasiyası olduğunu bildirib.

Virusların mutasiyası narahatlıq doğursa da, gözlənilməz deyil. Tədqiqatçıların bildirdiyinə görə, ilk dəfə aşkar edildiyi vaxtdan bəri koronavirus minlərlə kiçik dəyişikliyə məruz qalıb.

Cons Hopkins Universiteti bazar günü dünya boyu COVID-19-a 90 milyondan çox yoluxma halının qeydə alındığını bildirib. Yoluxma hallarının 22 milyondan çox olduğu ABŞ birinci yerdədir. Ondan sonra 10 milyondan çox yoluxma halı ilə Hindistan və 8 milyondan çox yoluxma halı ilə Braziliya gəlir.

XS
SM
MD
LG