Accessibility links

Britaniya AstraZeneca ilə bağlı fərziyyənin doğru olmadığını bildirir


Britaniyanın səhiyyə rəsmisi bazar ertəsi COVID-19-a qarşı olan AstraZeneca peyvəndinin virusun bir variantına qarşı minimal dərəcədə təsirli olduğu barədə fərziyyənin doğru olmadığını və peyvəndin həmin varianta görə dəyişdirilə biləcəyini deyib.

Vitvatersrand Universiteti və Oxford Universitetinin tədqiqatçıları peyvəndin Cənubi Afrika adlanan variantının gənclər arasında yüngül və ya orta dərəcədə yoluxmaya qarşı qoruma təsirinin minimal olduğunu bildirmələrindən sonra Cənubi Afrika AstraZeneca peyvəndinin tətbiqini dayandırıb.

Bu xəbər koronavirusdan 46 mindən çox insanın öldüyü Cənubi Afrika üçün böyük zərbə olub. Bu ölkə yaxın günlərdə əhalisinə bir milyon dozada AstraZeneca peyvəndi vurmağa başlamağı planlaşdırırdı. Lakin aparılan tədqiqat AstraZeneca peyvəndinin virusun Cənubi Afrika variantının yüngül formasına yalnız 22% təsirli olduğunu göstərib.

Lakin bazar ertəsi verdiyi müsahibəsində Briyaniyanın Səhiyyə Naziri Edvard Arqar və səhiyyə üzrə digər mütəxəssisləri peyvəndin Cənubi Afrika variantına yoluxan ağır xəstəliklərin və ölümün qarşısını almaqda təsiri olmayacağına dair heç bir dəlil olmadığını bildirib.

Arqar bu peyvəndin də hər il müxtəlif növ qrip peyvəndləri kimi dəyişdirilə biləcəyini bildirıb. O, Britaniya hökumətinin müqavilə bağladığı Almaniyanın CurVac əczaçılıq şirkətinin artıq bunun üzərində işlədiyini deyib.

Arqar Britaniyada 147 nəfərin virusun Cənubi Afrika variantına yoluxduğu barədə məlumatın olduğunu bildirib.

Ölənlərin sayı 110 mindən çox olan Britaniya dünya boyu COVID-19-dan ölənlərin sayına görə 5-ci yerdədir. İndiyə qədər ölkədə 12 milyondan çox britaniyalıya COVID-19 peyvəndinin ilk dozası vurulub.


Şərhlərə bax

XS
SM
MD
LG