Accessibility links

Britaniya Pfizer tərəfindən hazırlanan yeni COVID-19 peyvəndini təsdiq edib


Britaniya ABŞ-da yerləşən əczaçılıq nəhəngi Pfizer tərəfindən hazırlanan yeni COVID-19 peyvəndini təcili olaraq təsdiq edib. Bununla Britaniya dünya boyu 1,4 milyondan çox ölüm də daxil olmaqla, 64 milyona yaxın insanın yoluxmasına səbəb olan virusa qarşı kütləvi peyvəndin tətbiqinə başlayacaq dünyanın ilk dövləti olub.

Hökumətin Dərman və Səhiyyə Məhsullarını Tənzimləmə Təşkilatı çərşənbə günü Pfizer-in Almaniyanın BioNTech şirkəti ilə birlikdə hazırladığı peyvəndi təsdiqləyib. İlk peyvəndlərin tətbiqinə gələn həftə başlayan Britaniyanın ilk növbədə Milli Səhiyyə Xidməti işçiləri, qocalar evlərinin sakinləri və işçilərinə üstünlük verəcəyi gözlənir.

Britaniya Pfizer peyvəndini son klinik sınaqlarından və təsirinin 90%-dan çox olduğunu bildirməsindən bir neçə həftə sonra təsdiq edib. Britaniya Pfizer-BioNTech peyvəndinin 40 milyon dozasını əvvəlcədən sifariş etmişdi.

"Britaniyanın bu gün fövqəladə hallar üçün istifadə icazəsi COVİD-19-a qarşı mübarizədə tarixi bir anı oldu. Daha çox təsdiq alacağımızı gözlədiyimiz üçün bütün dünyanı yüksək keyfiyyətli peyvəndlə etibarlı bir şəkildə təmin etmək üçün eyni səviyyədə işləməyə davam edəcəyik" - deyə, Pfizer şirkətinin rəhbəri və icraçı direktoru Albert Burla bildirib.

Avropa Birliyi də Pfizer-BioNTech peyvəndi və ABŞ-ın kliniki sınaqlar zamanı 94% təsirli olduğunu deyən Moderna şirkəti tərəfindən hazırlanan peyvəndləri təsdiq etməyi planlaşdırır. Avropa Birliyi rəsmilərinin dekabr ayının sonuna qədər peyvəndlərdən ən azı biri barədə qərar verəcəyi gözlənilir.

Təxminən 50 ilə yaxındır immunizasiya ilə məşğul olan Emori Universiteti Peyvənd Mərkəzinin müdir yardımçısı Volter Orenşteyn bunabənzər bir şey görmədiyini deyib.

"Belə bir qısa müddətdə geniş istifadə üçün potensial peyvənd namizədlərinin olması həqiqətən möhtəşəm bir işdir" - deyə, o bildirib.

Orenşteynin bildirdiyinə görə, şirkətlər və ABŞ hökuməti peyvəndlərin təhlükəsiz və sürətlə hazırlanmasına milyardlarla dollar xərcləyib.

Pfizer və Modenra peyvəndlərinin istifadəsinə təcili icazə verilməsi üçün ABŞ Ərzaq və Dərman İdarəsinə də müraciət edib. İcazə verildiyi təqdirdə ABŞ-da peyvəndlərin tətbiqinə dekabrın ortalarında başlana bilər.

XS
SM
MD
LG