ABŞ-ın Britaniyadakı səfiri keçən həftənin şənbə günü Ridinq şəhərində bıçaqla hücum zamanı öldürülən üç nəfərdən birinin amerikalı olduğunu bazar ertəsi təsdiq edib. Lakin səfir öldürülən şəxsin adını açıqlamayıb.
Səfir Vudi Conson tvitter səhifəsində iyunun 20-də baş verən hücumda öldürülənlərin ailələrinə dərin hüznlə başsağlığı verdiyini və qurbanlardan birinin Amerika vətəndaşı olduğunu yazıb.
"Biz zərər çəkənlərin hamısını düşünür, baş verənləri qınayırıq. Britaniyanın hüquq-mühafizə orqanlarına yardımımızı təklif etmişik" - deyə, Conson yazıb.
Britaniya polisi hadisə yerində 25 yaşlı şəhər sakininin həbs edildiyini bildirib. Onun hücum zamanı tək olduğu guman edilir. Hadisə terrorla əlaqəli olduğu üçün cinayət işinin terrora qarşı mübarizə polisi tərəfindən araşdırıldığı bildirilib.
Londonun təqribən 65 kilometr qərbində yerləşən və 200 min nəfər əhalisi olan Ridinq şəhərindəki Forberi Qardens parkındakı hücum zamanı daha üç nəfər ağır yaralanıb.
Sosial mediada yayımlanan video mesajında Britaniyanın baş naziri Boris Conson hücumdan kədərləndiyini və belə halların onu cana gətirdiyini deyib.
Polis mənbələrinə istinadən parkdakı bıçaqlama hadisəsinin "Qaraların Həyatı Mühümdür" nümayişindən bir neçə saat sonra baş verdiyi, lakin hücumun etirazla əlaqəli olduğuna dair heç bir dəlilin olmadığı bildirilib.