Britaniya müzakirəçiləri Avropa İttifaqı ilə Brexit ilə əlaqədar ticarət müqaviləsinin əldə edilməsi və ilin sonu xaotik bir şəkildə ayrılmanın qarşısını almaq üçün son cəhd olaraq bazar günü Brüsselə gəlib.
Britaniyanın Baş naziri Boris Conson və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen arasında şənbə günü telefon söhbəti baş tutub. Onlar komandalarına üç əsas məsələ ilə bağlı çıxılmaz vəziyyətin yaranması ilə əlaqədar olaraq bir gün dayandırılan danışıqları davam etdirmək barədə göstərib verib.
Conson və von der Leyen telefon söhbətindən sonra verdikləri birgə bəyanatda balıqçılıq, ədalətli rəqabət və gələcək mübahisələrin necə həll ediləcəyi məsələlərində ciddi fikir ayrılıqları həll edilmədiyi halda heç bir razılığın əldə edilə bilməyəcəyini bildirib.
Britaniyanın yanvarın 31-də rəsmi olaraq Avropa İttifaqından çıxmasından sonra müzakirəçilər dekabrın 31-də status-kvo keçid dövrünün bitməsindən əvvəl dünyanın ən böyük ticarət bloku ilə razılığa gəlmək üçün son möhlət qoyulmuş tarixləri bir neçə dəfə qaçırıb.
Yanvarın 31-də Avropa İttifaqından çıxsa da Britaniya bu ilin sonuna qədər blokun tarifsiz vahid bazarı və gömrük ittifaqı daxilində qalır.
Britaniyanın baş müzakirəçisi Devid Frost bazar günü Brüsselə gəldikdən sonra jurnalistlərə verdiyi açıqlamada komandasının razılaşma əldə etmək üçün ciddi çalışacağını bildirib.
Avropa İttifaqının müzakirəçisi Maykl Barnierin üzv ölkələrin Brüsseldəki səfirlərinə bazar günü işlərin vəziyyəti barədə məlumat verəcəyi gözlənilirdi, lakin bu görüş bazar ertəsi səhərə keçirilib.
Razılıq əldə edilməsə beş illik Brexit ayrılma prosesi Britaniya və ölkənin Avropa İttifaqı üzrə keçmiş tərəfdaşları COVID-19 pandemiyasının iqtisadi təsirləri ilə mübarizə apardığı bir vaxt qarışıqlıq şəraitində keçəcək.
Ekspertlər razılaşmanın əldə edilmədiyi ssenarinin Britaniya iqtisadiyyatında uzunmüddətli pozulmalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edir.