Accessibility links

Britaniyada COVID-19-un Cənubi Afrika variantına 105 yoluxma halı aşkar edilib


Britaniyanın Səhiyyə Naziri Matt Hankok bazar ertəsi Cənubi Afrikada ilk dəfə təsbit edilmiş koronavirus variantının 105 halının aşkarlandığını, onlardan 11-nin beynəlxalq səyahətlə əlaqəli olmadığını bildirib.

Douninq Stritdə (Downing Street - baş nazirinin ofisinin yerləşdiyi küçənin adı) keçirilən brifinqdə danışan Hankok səhiyyə orqanlarının yeni variantın təcrid olunması və yayılmasının dayandırılması üçün ölkənin müxtəlif bölgələrindən 80 min insanı test etməyi planlaşdırdığını açıqlayıb.

"Bu variantın daha şiddətli olacağını sübut edən bir dəlil yoxdur, amma buna ciddi şəkildə yanaşmalıyıq və biz bunu edəcəyik" - deyə, o qeyd edib.

Hankok testlərin yeni variantın aşkar edildiyi ərazilərə yönəldiyini və hər bir müsbət halın qeydə alınaraq, gen ardıcıllığının müəyyənləşdirilməsinin aparıldığını bildirib. O, səhiyyə işçilərinin yerli idarəetmə orqanları ilə koordinasiya edərək, bu ərazilərdəki insanları test etmək üçün qapı-qapı gəzdiklərini deyib.

Hanlok da bazar ertəsi Britaniyanın həftə sonu 931,204 nəfər də daxil olmaqla 9.2 milyon insana COVID-19 vaksini vurulduğunu açıqlayıb. O həmçinin hökumət virusu nəzarətdə saxlamaq üçün təkrar peyvəndləmələrin lazım ola biləcəyi ehtimalına hazırlaşarkən, Britaniyanın Fransanın Valneva şirkəti tərəfindən hazırlanmış peyvəndin daha 40 milyon dozasını sifariş etdiyini də qeyd edib.

Şotlandiyada istehsal ediləcək peyvəndin hələ klinik sınaqları keçirilir və tənzimləyicilər tərəfindən təsdiqlənməyib.

Cons Hopkins Universitetinin məlumatına görə, Britaniya 106 mindən çox ölüm halı lə Avropada koronavirusun ən çox təsirinə məruz qalan ölkədir. Lakin ölkədə dünyanın ən sürətli peyvənd proqramlarından birini davam etdirilir.

XS
SM
MD
LG